Xəbər verdiyimiz kimi, Moskvada bədii ədəbiyyat tərcüməçilərinin 5-ci Beynəlxalq konqresi keçirilib. “Ədəbi tərcümə mədəni diplomatiya vasitəsi kimi” devizi altında təşkil olunan tədbirdə Bakı Slavyan Universitetinin (BSU) prorektoru, professor Rafiq Novruzov da iştirak edib.
Konqres öz işinə 31-ci Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində A.Puşkin adına kitabxanada Moskva meri ilə tədbir iştirakçıları arasında keçirilən görüşlə başlayıb. Sonra müasir dövrün tanınmış yazıçıları Aleksandr Arxangelski və Şamil İqnatulinlə görüş keçirilib.
R.Novruzov konqresdəki məruzəsinin maraqla qarşılandığını bildirib: “Əksər nümayəndələr konqresdə rus bədii nümunələrinin Qərb dillərinə tərcüməsindən danışdı. Lakin mən fars orijinalından ruscaya çevrilmiş mətnlərdə təsəvvüf və irfani istilahların mahiyyətinin saxlanılması probleminə toxundum. Məruzəmin mövzusu Hafiz Şirazinin əsərlərinin rus dilinə tərcüməsi zamanı mətnin fəlsəfəsinin verilməsi barədə idi”.
Belə bir konqresin Azərbaycanda da keçirilməsinin tərəfdarı olduğunu bildirən prorektor deyib: “Bizdə yeni tərcüməçilər nəsli yetişməlidir. Əgər Bakıda belə bir elmi konfrans təşkil olunsa, düşünürəm ki, problemləri hərtərəfli müzakirə edə və bu işi canlandıra bilərik”.
Moskva Dövlət Linqvistik Universitetinin Gənc Tərcüməçilər Məktəbinin hər il fərqli bir ölkədə elmi konfranslar keçirdiyini xatırladan R.Novruzov deyib ki, məktəb növbəti yığıncağını 2019-cu ilin aprelində Bakıda keçirəcək.