16 aşıq havasının yer aldığı audiodiskin təqdimatı keçirildi
Sentyabrın 7-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Koroğlu havaları” – vətənçilik, dövlətçilik və qəhrəmanlıq düşüncəsini daşıyan milli-mənəvi dəyərlər kimi” adlı audiodiskin (CD) təqdimatı keçirildi. Layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Azərbaycan Aşıqlar Birliyi (AAB) tərəfindən həyata keçirilib.
Təqdimatda tanınmış saz-söz ustaları, Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutlar şöbəsinin müdiri Vüqar Şixəmmədov, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı layihənin əhəmiyyətindən danışdı. Bildirdi ki, Azərbaycan mədəniyyətində xüsusi yer tutan aşıq sənətinin qorunması və inkişafı hərtərəfli dövlət qayğısı ilə əhatə olunub: “Prezident İlham Əliyevin “Aşıq sənəti bizim milli sənətimiz və milli sərvətimizdir” ifadəsi bizə ruh verir. Birinci vitse-prezident Mehriban Əliyevanın da aşıq sənətinin inkişafına göstərdiyi dəstək danılmazdır. Onun səyləri nəticəsində Azərbaycan aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib”.
Vurğulandı ki, son illər Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və digər dövlət orqanları, ictimai təşkilatlar bu sahənin inkişafı üçün məqsədyönlü işlər görüblər. İctimaiyyətə təqdim olunan layihə görülən işlərin davamıdır.
Qeyd olundu ki, layihə çərçivəsində “Koroğlu havaları” ilə bağlı ustadların ifaları dinlənilib müzakirə olunmaqla yanaşı, onların çağdaş aşıqların repertuarında yenidən səsləndirilməsi məqsədəuyğun hesab edilib. Layihənin icrası nəticəsində Qələndər Zeynalov, Məhərrəm Hüseynli, Ağamurad Şirvanlı, Altay Məmmədli, Ramin Qarayev, Dəmir Vəliyev, İsa Qaraxanlı, Şöhrət Kərimov, Təbriz Vəliyev, Nəbi Nağıyev, Nazim Quliyev, Şaiq İncəli, Avdı Musayev, Anar Abdullayev, Xanlar Alqayıt, Babək Şakirli və Qabil Faxralı kimi istedadlı aşıqların, eləcə də “Çeşmə” sazçı folklor qrupunun ifasında lentə yazılmış on altı “Koroğlu havası” aşıq sənətini sevənlərin diqqətinə təqdim edilib. Bu havaların mətnləri milli dövlətçilik düşüncəsinin, hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edir.
M.Qasımlı bildirdi ki, ozan-aşıq mədəniyyəti Dədə Qorquddan bu günədək milli ruhun çiçəklənməsinə xidmət edib: “Bizim qəhrəmanlıq meydan havalarımız var: “Cəngi”, “Misri”, “Döşəmə Koroğlu”, “Qaytağı”, “Dərbəndi”, “Döşəmə”, “Döymə” və s. Bunlara “Koroğlu havaları” deyilir. Vaxtilə Əsəd Rzayev, Mirzə Bayramov, Sadıq Sultanov, Qaraca İbrahimoğlu kimi ozanlar “Koroğlu havaları”nı 30-luq lampa qarşısında elə oxuyurmuşlar ki, səsin zərbindən lampa sönürmüş”.
Aşıqlar Birliyinin sədri qeyd etdi ki, layihənin məqsədi “Koroğlu havaları”nın yaşadılması və təbliğidir: “Koroğlu havaları” oxunarkən qəlbimizdə milli ruh oyanır. Bu havalar bizə döyüşkənlik, qəhrəmanlıq ruhu aşılayır. Torpaqlarımızın işğaldan azad olmasında, milli dövlətçilik düşüncəmizin gələcəyə daşınmasında gəncləri daxilən səfərbər edir. Hələlik diskdə 16 aşıq havası yer alıb. Yaxın vaxtlarda bu qəbildən digər havaları da bərpa edərək ictimaiyyətin ixtiyarına verəcəyik”.
Bildirildi ki, layihənin ərsəyə gəlməsinə Mədəniyyət Nazirliyi tərəfindən də dəstək göstərilir. Eyni zamanda musiqişünas, professor Tariyel Məmmədovun bu işdə xeyli əməyi var.
Sonra tanınmış aşıqlardan Qələndər Zeynalov, Məhərrəm Hüseynli, Ağamurad Şirvanlı, Altay Məmmədli, Şaiq İncəli, Kəmalə Qubadlı, Gözəl Kəlbəcərli, Əli Pənahoğlu və başqalarının, eləcə də “Çeşmə” sazçı folklor qrupunun ifasında lentə alınan “Misri”, “Osmanlı divanisi”, “Şahsevən” “Dərbəndi”, “Koroğlu dübeyti”, “Sürütmə Koroğlu”, “Koroğlu gözəlləməsi”, ”Koroğlu müxəmməsi”, “İrəvan çuxuru” və s. havalar səsləndirildi.
Savalan FƏRƏCOV