Sentyabrın 8-də Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Milli geyimlər festivalı” keçirilib. Festivalın izləyiciləri arasında muxtar respublika sakinləri ilə yanaşı, əcnəbi turistlər və “Naxçıvan: İslam mədəniyyətinin paytaxtı” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları da olub.
Festivalda Naxçıvan Dövlət Filarmoniyasının Qədim musiqi alətləri ansamblı, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs qrupları və digər kollektivlər xalq mahnılarını, milli rəqsləri ifa ediblər. Bundan başqa, Naxçıvanda fəaliyyət göstərən teatrların aktyorlarının ifasında müxtəlif kompozisiyalar təqdim olunub. Geyim və rəsm sərgilərində əl işləri, qədim dövrlərə aid muzey eksponatları nümayiş etdirilib.
Xanlıqlar dövrünün saray geyimlərindən ibarət dəfilənin nümayişi tədbirə rəng qatıb. Azərbaycanın bütün bölgələrinə aid milli geyimli gənclərin əllərində oxunması zəruri olan kitablarla festivalda iştirakı marağa səbəb olub.