Noyabrın 14-dən 17-dək Bakıda IX “Start” Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək. Artıq ekran əsərlərinin qəbuluna başlanılıb.

“Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivala Mədəniyyət, Gənclər və İdman nazirlikləri dəstək göstərir.

Filmlər iki əsas – beynəlxalq və yerli müsabiqə proqramlarında, eyni zamanda ilk dəfə keçirilən “Cinemobil” adlı mobil filmlərin müsabiqəsində yarışacaq.

Yerli müsabiqəyə yalnız Azərbaycan Respublikasının vətəndaşı olan gənclər film göndərə bilər. Beynəlxalq müsabiqədə əcnəbi müəlliflərlə yanaşı, yerli rejissorlar da iştirak etmək hüququna malikdir.

35 yaşa qədər olan rejissorlar oktyabrın 5-dək bədii, sənədli, cizgi və eksperimental filmlərini müsabiqə bölmələrinə təqdim edə bilərlər. Müsabiqəyə 2017–2018-ci illərdə istehsal olunmuş, xronometrajı 35 dəqiqədən çox olmayan ekran işləri qəbul edilir. Beynəlxalq müsabiqəyə filmlər ingilis dilində subtitrlə və ya səsli tərcümə ilə göndərilməlidir.

“Cinemobil” müsabiqəsinə yalnız mobil telefonla çəkilən filmlər qatılacaq. Bundan başqa, festival kinematoqrafçılara ideyalarını reallaşdırmağa kömək məqsədilə ilk dəfə “Pitçinq” (kino layihələrinə maliyyəçi tapmaq üçün təqdimatların keçirilməsi) elan edir.

Festivalın əsas nominasiyalarından əlavə yerli müsabiqədə “Ən yaxşı prodüser”, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari”, “Ən yaxşı operator” nominasiyaları da yer alır.

Qeyd edək ki, bu ildən etibarən festivalın qaliblərinə “Qızıl nar” mükafatı təqdim olunacaq. Filmləri yerli və xarici mütəxəssislərdən ibarət peşəkar kino xadimləri qiymətləndirəcək.

Müsabiqədə iştirak etmək istəyənlər qaydalar və şərtlərlə www.filmfestival.az saytından tanış ola bilərlər.