Sentyabrın 15-dən 23-dək Monteneqroda keçirilən Dünya İncəsənət Oyunları çərçivəsində beynəlxalq “Oda to Life” festivalı təşkil olunacaq. Podqoritsa şəhərində keçiriləcək festivalda ölkəmizi Əməkdar rəssam Mehriban Əfəndi təmsil edəcək.
Festivala fəxri qonaq kimi dəvət alan rəssamın sözlərinə görə, artıq neçə ildir Monteneqroda keçirilən bu forum 20-dən çox ölkənin sənət adamlarını bir araya gətirir. Monteneqronun Mədəniyyət, Təhsil və Turizm Nazirliyi festivala dəstək verir.
M.Əfəndiyə dəvət Monteneqronun “World Art Games” Milli Komitəsinin prezidenti Mikki Popoviçin təşəbbüsü ilə komitə tərəfindən göndərilib. Festivala qatılan rəssamlar gətirdikləri əsərləri sentyabrın 18-də sərgi zalında nümayiş etdirəcəklər.
Sentyabrın 23-dək davam edəcək festivalı konsertlər, sərgi və səyahətlə dolu bir tanıtım və dostluq əlaqələri yaradan sənət bayramı adlandırmaq olar.
Azərbaycanlı rəssam ilk dəfə bu sərgidə “Mirvari ulduz” əsərini orijinal versiyada sənətsevərlərə təqdim edəcək. Rəssamın bu əsəri 2012-ci ildə Nyu-Yorkda, Brodveydəki “Art Takes times Squire” festivalında LED ekranlarda nümayiş olunmuş və tamaşaçı rəğbəti mükafatı qazanmışdı.