Efiopiyanın paytaxtı Əddis-Əbəbədə sentyabrın 15-dən 23-dək keçiriləcək “Addis Ababa Asia Pacific” film festivalı çərçivəsində Azərbaycanın “Bir günəş altında” sənədli filmi nümayiş olunacaq. Azərbaycanda yaşayan müxtəlif mədəniyyətə, adət-ənənəyə, dilə və dini etiqada malik azsaylı xalqların və etnik qrupların həyatından bəhs edən film Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilib. Filmin prodüseri Arzu Əliyevadır.

Azərbaycanın Efiopiyadakı səfirliyi tərəfindən festivala təqdim edilən “Bir günəş altında” sənədli filmi kinofestivalın ilk günündə - sentyabrın 15-də İtaliya Mədəniyyət İnstitutunda nümayiş etdiriləcək.

Azərbaycanın bir sıra bölgələrində çəkilmiş filmdə ölkəmizdə yaşayan 17 etnik qrupun 134 nümayəndəsi iştirak edib.