Ötən ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti “Yeni orfoqrafiya lüğətinin nəşrə hazırlanması barədə” qərar qəbul edib. Bununla əlaqədar Orfoqrafiya Komissiyası yaradılıb. Komissiyanın tərkibinə müxtəlif qurumlardan 20-dək ziyalı və dilçi alim daxildir.

Orfoqrafiya Komissiyası sədrinin müavini, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, komissiyanın nəzdində fəaliyyət göstərən işçi qrupu mütəmadi iclaslar keçirərək orfoqrafiya qaydalarını müzakirə edib. İşçi qrupu öz işini yekunlaşdıraraq komissiyaya təqdim edib.

Bu günlərdə Orfoqrafiya Komissiyasının iclasında “Azərbaycan dilinin orfoqrafiya qaydaları” müzakirəyə çıxarılacaq və məsələyə yekun vurulacaq.

Azərbaycan Respublikası Dövlət Dil Komissiyasına edilmiş müraciətdə ifadə olunan fikirlər, irəli sürülən təkliflər Orfoqrafiya Komissiyasında ölkəmizin nüfuzlu dilçi alimləri tərəfindən diqqətlə nəzərdən keçiriləcək və qərarların qəbul edilməsi zamanı ictimai rəy də əsas arqumentlərdən biri kimi nəzərə alınacaq. Çünki Orfoqrafiya Komissiyasında yaxşı başa düşülür ki, “Qaydalar”da təklif olunan bəzi müddəaların hələlik vaxtı çatmayıb və ya Azərbaycan dilinin qrammatikasında ikili münasibət doğuran hallar kimi nəzərdən keçirilməsi tələb olunur.

Orfoqrafiya Komissiyası qarşısında duran vəzifənin məsuliyyətini dərindən başa düşür, bu məsul işlə əlaqədar fikir və mülahizələrini bildirmiş bütün şəxslərə dərin hörmət və ehtiramını ifadə edir. Heç şübhə ola bilməz ki, qəbul ediləcək qərarlar da ilk növbədə Azərbaycan xalqının milli mənafeyinə və dövlətçilik maraqlarına, eyni zamanda, ictimai rəydəki narahatlığın aradan qaldırılmasına və dilçilik elminin inkişafına xidmət göstərəcək.