Sentyabrın 18-dən 26-dək ölkəmizdə ənənəvi musiqi bayramı – Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
“Üzeyir musiqi günü”ndə (Milli musiqi günü) başlanacaq festival bu dəfə də müxtəlif ölkələrdən musiqiçiləri bir araya gətirəcək, zəngin proqramı ilə izləyicilərə xoş təəssürat və sənət zövqü bəxş edəcək.
Festivala ölkəmizlə yanaşı, Rusiya, ABŞ, Türkiyə, İtaliya və Slovakiyadan tanınmış musiqiçi və kollektivlər – T.Dokşitser adına “New life brass” kvinteti, “Dədə Qorqud” kamera orkestri, Murad Kajlayev, Murad Annamamedov, Sergey Roldugin, Pavel Milyukov və başqaları qatılacaq. Ümumilikdə doqquz gün ərzində 30-a yaxın tədbirin keçirilməsi nəzərdə tutulub.
Festivalın təntənəli açılış mərasimi sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında olacaq. Mərasimdə Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı İmanova) çıxış edəcək.
Gecədə görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, akademik Arif Məlikovun 85 illiyi münasibətilə fortepiano və orkestr üçün konserti (solist Xalq artisti Murad Adıgözəlzadə) səslənəcək.
Festival çərçivəsində görkəmli müğənni, SSRİ Xalq artisti Firəngiz Əhmədovanın 90 illiyinə həsr olunmuş “Azərbaycan opera səhnəsinin Nigarı” adlı tədbir də təşkil olunacaq.
Sentyabrın 22-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında SSRİ Xalq artisti, görkəmli bəstəkar Murad Kajlayevin müəllif gecəsi keçiriləcək. Konsertdə Rusiyanın Xalq artisti, dirijor Murad Annamamedovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı, Üzeyir Hacıbəylinin ev-muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Ağcabədi rayonundakı “Qarabağ Muğam Mərkəzi”ndə müxtəlif tamaşa, konsert və sərgilər təşkil olunacaq.
23 sentyabrda Bakı Marionet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının marionet tamaşası (quruluşçu rejissor və rəssam – Əməkdar incəsənət xadimi Tərlan Qorçu) olacaq.
Festivalın bağlanış mərasimi sentyabrın 26-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq. Konsertdə Əməkdar artist, dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Rusiyanın Xalq artisti, məşhur violonçel ifaçısı Sergey Roldugin və P.İ.Çaykovski adına beynəlxalq müsabiqənin laureatı skripkaçı Pavel Milyukov çıxış edəcək.