Qubadakı Qırmızı qəsəbədə yaşayan dağ yəhudiləri Roş-Ha-Şana bayramını qeyd edirlər.
Bütün dünya yəhudiləri kimi, Qırmızı qəsəbə sakinləri də yəhudi təqviminə görə 5779-cu ili qarşılayırlar. Roş-Ha-Şana bayramının vaxtı təqvimə görə dəyişsə də, hər il əsasən sentyabr ayına təsadüf edir.
Yeni ilin ilk on günündə yəhudilər müxtəlif dini ayinləri yerinə yetirir, tövbə edir, müqəddəs “Tövrat”ı oxuyurlar. Onuncu gündə isə bütün sutkanı ac qalmaqla oruc tutur və müqəddəs “Yom Kipur” gününü qeyd edirlər.
Qırmızı qəsəbədəki İsak Xanukov adına 1 nömrəli məktəbin direktoru Yavuşva Simanduyev bildirib ki, bu qəsəbə dünyada İsraildən sonra yəhudilərin yığcam yaşadığı nadir məkandır. Burada yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir. Biz uzun illərdir öz adət-ənənələrimizi yaşadırıq.
Dağ yəhudilərinin Quba ərazisində yığcam şəkildə məskunlaşmasının tarixi XVIII əsrin ortalarına təsadüf edir. Hazırda Qırmızı qəsəbədə 3 mindən çox dağ yəhudisi yaşayır.