Sentyabrın 12-də Milli Məclisin Mədəniyyət komitəsinin 2018-ci ilin payız sessiyasında ilk iclası keçirilib. Komitə sədri Rafael Hüseynov gündəlikdəki məsələlər barədə məlumat verib.
Əvvəlcə komitənin 2018-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlərlə bağlı hesabatı dinlənilib. R.Hüseynov bildirib ki, komitədə müntəzəm olaraq 30-a yaxın vətəndaşın qəbulu aparılıb, onları narahat edən məsələlərin həlli üçün lazımi köməklik göstərilib. Hesabat dövründə komitənin ünvanına daxil olan 107 müraciətə, təklif, ərizə və şikayətə müvafiq qaydada baxılıb və onlardan 82-si araşdırılması üçün aidiyyəti təşkilatlara göndərilib.
Sonra komitə sədri payız sessiyası ərzində görüləcək işlərdən danışaraq qeyd edib ki, sessiyada bir sıra qanun layihələri müzakirəyə çıxarılacaq.
Daha sonra gündəlikdəki digər məsələlər müzakirə edilib.
Komitə üzvləri “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında” sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini nəzərdən keçiriblər.
Deputatlar, həmçinin “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Milli arxiv fondu haqqında”, “Mədəniyyət haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrini nəzərdən keçiriblər. Bildirilib ki, təklif olunan dəyişikliklər texniki xarakter daşıyır.
Müzakirə edilən bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.