Sentyabrın 12-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan aşıq sənətinin böyük nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin 125 illiyinə həsr olunmuş “Saz aşiqi” adlı tədbir keçirilib.
Tədbir Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi kitabxanasının təşkilatçılığı ilə gerçəkləşib.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova iştirakçıları salamlayaraq deyib ki, tədbir ustad aşığın xatirəsinə ehtiramın bir daha əbədiləşdirilməsidir.
Yasamal rayon MKS-nin direktoru, “İnformasiya hamı üçün” UNESCO Proqramının Azərbaycan komitəsinin sədri Lətifə Məmmədova Dədə Şəmşirin doğma Kəlbəcərindən, yazdığı əsərlərdən, habelə gözəl ifalarından söz açıb. Qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamının icrasını təmin etmək məqsədilə respublikamızda Aşıq Şəmşirə həsr olunmuş silsilə tədbirlər keçirilir.
“Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədr müavini Həbib Misirov qurum tərəfindən keçirilən tədbir və layihələr barədə məlumat verib, Aşıq Şəmşirin 125 illik yubileyinin UNESCO-da qeyd olunması barədə danışıb. O, paytaxtın Səbail rayonunda Aşıq Şəmşirin ev-muzeyinin açılacağını diqqətə çatdırıb.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının tələbəsi, beynəlxalq müsabiqələr laureatı İslam Qasımovun ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı səslənib. Aşıqlar Ədalət Dəlidağlı, Əli Pənahoğlu “Ruhani”, “Ağır şərili” və başqa havaları ifa ediblər. Suraxanı rayon 84 nömrəli məktəbin şagirdi Sadıq Nəbili “Aşıq Ələsgər” şeirini söyləyib.