Azərbaycan Skautlar Assosiasiyası və Türkiyə İzcilik Federasiyasının təşkilatçılığı, Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Qafqaz İslam Ordusunun zəfər yolu ilə” adlı anım yürüşü keçirilir.
Sentyabrın 9-da Gəncə şəhərindən başlayan yürüşün proqramına əsasən, iştirakçılar Qafqaz İslam Ordusunun 100 il bundan öncə hərəkət etdiyi Göyçay, Şamaxı, Ağsu, Qobustan rayonları ərazilərindən keçərək sentyabrın 15-də Bakıya çatacaqlar.
Əllərində Türkiyə və Azərbaycan bayraqları tutaraq marşlar oxuyan 80 nəfərdən ibarət “Zəfər yolu əsgərləri” olduqları döyüş bölgələrində çadır düşərgələri quraraq gecələyir, Azərbaycan və Türk şəhidliklərini ziyarət edir, dualar oxuyur, məzarların ətrafında təmizlik işləri görürlər.
“Zəfər yolu ilə” adlı yürüş Qafqaz İslam Ordusunun xalqımızın tarixindəki yeri və roluna həsr edilib. Bakının və ətraf qəzaların erməni-bolşevik işğalından xilas olunmasında Qafqaz İslam Ordusu tarixi xidmətlər göstərib. 1918-ci ilin 15 sentyabrından sonra milli hökumət Gəncədən Bakıya köçürülüb və Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan edilib.