Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının bir qrup əməkdaşı sentyabrın 11-də “XXI əsr Gənclər Kitabxanaları. Ənənələr, innovasiyalar. Öyrənək, öyrədək” layihəsi çərçivəsində Azərbaycanın Rus İcmasının nəzdində fəaliyyət göstərən Rus Mədəniyyət Mərkəzində olub.
Kitabxananın direktoru Oruc Quliyev görüşün birgə əməkdaşlıq, müxtəlif layihələrdə, kütləvi tədbirlərdə bərabər iştirak, Azərbaycan və Rusiya Gənclər kitabxanalarının sıx əlaqələr saxlaması məqsədilə keçirildiyini deyib.
O, həmçinin bu il 90 yaşı tamam olan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının tarixi, fəaliyyəti haqqında məlumat verib.
Mədəniyyət mərkəzinin direktoru Qalina Manafova 25 ilə yaxındır ki, fəaliyyət göstərdiklərini bildirərək müxtəlif layihələrdə iştirak, təşkilatlarla əməkdaşlı barədə söz açıb, kitabxana kollektivini tədris otaqları, musiqi studiyası, kitabxana, habelə mərkəzdə rəqslər, səhnəciklər zamanı istifadə edilən dünya xalqlarının geyimləri ilə tanış etdi. Bildirdi ki, milliyyətindən asılı olmayaraq bütün vətəndaşlar müraciət edə bilərlər. Azyaşlılar məktəbə hazırlıq, yuxarı yaş qrupuna malik olanlar fransız, ingilis və sair xarici dil kurslarında məşğul olurlar.
Q.Manafova mərkəzin Azərbaycan kitabxanaları ilə əməkdaşlıq etdiyini, özünün Respublika Gənclər Kitabxanasında keçirilən elmi-praktiki konfransa qatıldığını da diqqətə çatdırıb.
Görüşün sonunda Oruc Quliyev Respublika Gənclər Kitabxanasının adından Rus Mədəniyyət Mərkəzinə rus dilində “Azərbaycan muğam ensiklopediyası” kitabını hədiyyə edib.