“Azərkitab” Kitab Təbliği Mərkəzi ötən il ölkədaxili və beynəlxalq kitab mübadiləsini yüksək səviyyədə təşkil etdiyinə görə Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin fəxri fərmanına layiq görülüb.
Mərkəzdən bildirilib ki, “Bukvoyed” Peterburq Kitab şəbəkəsi (Sankt-Peterburq), “Biblio-qlobus” (Moskva) və “Belkniqa” Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi kitab mağazası (Minsk) da təltif olunub.
Qeyd edək ki, MDB dövlətlərinin kitab yayımı ilə məşğul olan müəssisələrin əməkdaşlığının gücləndirilməsi, bu sahədə mübadilənin genişləndirilməsi məqsədilə hər il beynəlxalq müsabiqə keçirilir. Müsabiqənin təsisçisi MDB-nin Dövri mətbuat, kitab nəşri, kitabyayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şurasıdır. Müsabiqəni Müstəqil Dövlətlərin Kitabyayımı Assosiasiyası təşkil edir.
Bir neçə gün əvvəl Moskvada keçirilən 31-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkasında müsabiqənin qaliblərinə MDB-nin İcraiyyə Komitəsinin fəxri fərmanları təqdim edilib.