1918-ci ilin 15 sentyabrında Bakının erməni-bolşevik işğalından azad edilməsi tariximizin ən şanlı səhifələrindəndir
Sentyabrın 13-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun və Türkiyənin Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə “Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti – Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu” mövzusunda beynəlxalq simpozium işə başlayıb.
Prezident İlham Əliyevin Cümhuriyyətin 100 illiyi və “Cümhuriyyət ili” haqqında sərəncamlarına əsasən keçirilən simpozium Azərbaycan Milli Ordusunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını daşnak-bolşevik işğalından azad etməsinin 100-cü ildönümünə həsr olunub.
Forum iştirakçıları tərəfindən Fəxri xiyabanda ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin məzarı, həmçinin Şəhidlər xiyabanı və 1918-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canından keçmiş türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunub.
Simpoziumun açılış mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, Xalq Cümhuriyyəti Azərbaycan tarixində xüsusi mərhələ təşkil edir. AMEA-nın rəhbəri 1918-ci il 15 sentyabr tarixinin Azərbaycan-Türkiyə qardaşlığında müstəsna əhəmiyyətə malik olduğunu bildirib. O, Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Azərbaycana gələrək işğalçı erməni-bolşevik qüvvələri ilə mübarizə apardığını, 15 sentyabr zəfərindən sonra milli hökumətin Gəncədən Bakıya köçürüldüyünü və Bakının Cümhuriyyətin paytaxtı elan edildiyini söyləyib.
Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Nuru paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik işğalından azad etməsinin tarixi barədə danışıb. Bildirilib ki, sovet dövründə bu önəmli tarix həmişə gizlədilir, Nuru paşanın adı heç bir mənbədə çəkilmirdi. Lakin Azərbaycan xalqına qarşı soyqırımını həyata keçirən Stepan Şaumyana Bakıda heykəl qoyulmuşdu. Bu gün Azərbaycan müstəqil ölkədir, tarixi həqiqətlər olduğu kimi deyilir, yazılır, göstərilir.
Yüz il öncə sentyabrın 15-də baş vermiş hadisənin Azərbaycan tarixindəki rolundan söz açan akademik Y.Mahmudov onun gerçəkləşməsinin bütövlükdə türk dünyası üçün böyük əhəmiyyət daşıdığını əsaslandırıb. Qeyd edilib ki, Qafqaz İslam Ordusunun rəşadətli döyüş yolu bu gün Azərbaycanın və Türkiyənin tarixi bağlarını yaşadan qəhrəmanlıq salnaməsidir.
Türkiyənin Atatürk Araşdırma Mərkəzinin direktoru, professor Mehmet Ali Beyhan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərindən söz açıb, AMEA Tarix İnstitutu ilə 10 ildən çoxdur ki, əməkdaşlıq etdiklərini söyləyib. Professor 1918-ci ildə Qafqaz-İslam Ordusunun rus-erməni işğalçılığına qarşı ölüm-dirim savaşının tarixi aspektlərindən danışıb.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Qafqaz İslam Ordusunun 1918-ci ildə Bakının daşnak-bolşevik işğalından azad olunmasında göstərdiyi xilaskarlıq missiyasının iki qardaş ölkə üçün önəmini vurğulayıb. Səfir Çanaqqala döyüşlərində də azərbaycanlıların könüllü olaraq iştirak etdiklərini xatırladıb, bu dəyərlərin gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib.
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Haluk Dursun vurğulayıb ki, Qafqaz İslam Ordusunun Azərbaycan tarixindəki rolu milli-mənəvi dəyərlərimiz və dövlətçilik tariximiz baxımından müstəsna önəm daşıyır.
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov bildirib ki, Azərbaycanın və Türkiyənin şərəfli tarixi var. Biz zəngin və şərəfli tariximizlə həmişə fəxr edir, sonsuz qürur hissi keçiririk. Bakının erməni-bolşevik işğalından azad olunmasında Qafqaz İslam Ordusunun müstəsna rolundan danışan Ə.Əhmədov bu şanlı tarixin heç vaxt unudulmayacağını vurğulayıb.
Beynəlxalq simpozium sentyabrın 16-dək davam edəcək. Tədbirdə Azərbaycan, Türkiyə və digər ölkələrdən alimlərin məruzələri dinləniləcək.