Sentyabrın 14-də Beynəlxalq Mətbuat Mərkəzində “Aydınlığa Doğru” Milli-Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə icra etdiyi layihə üzrə çəkilmiş “Doğma qəriblər” sənədli filminin təqdimatı keçirilib.
Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 100 illiyinə həsr olunmuş filmin rejissorları Mahir Dərviş, Əbdülqəni Əliyev, ssenari müəllifi Lalə Əliyeva-Muradxanlıdır.
“Doğma qəriblər” filmi Cümhuriyyət tariximizdə ən önəmli səhifələrdən sayılan Qafqaz İslam Ordusunun zəfər yürüşü ilə bağlı tədqiqatçılara ciddi araşdırma mövzusu verir. Film çox maraqlı bir məqamı vurğulayır: dünya gücləri tarixi saxtalaşdırmağa, faktları gizlətməyə nə qədər çalışsalar da, insan yaddaşı bir çox həqiqətlərin daşıyıcısıdır. Elə məhz bu yaddaş vaxtilə Azərbaycan uğrunda canından keçmiş türk mehmetciklərinin qərib məzarlarını itməyə qoymayıb, sovet rejiminin dəhşətli yasaqlarına rəğmən onları qoruyub saxlayıb...
“Doğma qəriblər” filmi tarixə münasibətdə vətəndaş mövqeyinin parlaq təzahürüdür. Müsahiblər tarixçilər, tədqiqatçılar, jurnalistlər deyil – kənd müəllimləri, həkimlər, ağsaqqallar, 100 illik tarixi ata-babalarının, canlı şahidlərin söhbətlərindən bu günə qədər əmanət kimi qoruyub çatdıran insanlardır. Filmin yaranması təşəbbüsü də məhz onlara məxsusdur.
Təqdimat mərasimində iştirak edən professor Şahlar Əsgərov, dramaturq Əli Əmirli, Milli Məclisin deputatı Fazil Mustafa filmin nümayişindən sonra təəssüratlarını bölüşüblər. Onlar filmin daşıdığı mənəvi yükün dəyərini vurğulayaraq istiqlal tariximizin araşdırılması ilə bağlı hər cəhdin qiymətli olduğunu söyləyiblər.