Azərbaycan
19 sentyabr 1992 – Görkəmli şərqşünas alim, filologiya elmləri doktoru adını almış ilk azərbaycanlı qadın-ərəbşünas, professor Aidə Nəsir qızı İmanquliyeva (10.10.1939 - 1992) vəfat edib. Yeni dövr ərəb ədəbiyyatına dair tədqiqatların müəllifidir. Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru (1991-1992) olub.
19 sentyabr 1995 – SSRİ Xalq artisti, bəstəkar Rauf Soltan oğlu Hacıyev (15.5.1922 - 1995) vəfat edib. Populyar mahnıların, operettaların (“Romeo mənim qonşumdur”, “Dördüncü fəqərə”, “Yol ayrıcında”, “Ordan-burdan”) müəllifidir. «Bir qalanın sirri», «Qara daşlar», «Əhməd haradadır?» və s. filmlərə musiqi yazıb. 60-cı illərdə Azərbaycanın mədəniyyət naziri işləyib.
20 sentyabr 1993 – Kinorejissor, Azərbaycanın və Türkmənistanın Əməkdar incəsənət xadimi Əjdər Mütəllim oğlu İbrahimov (29.4.1919 - 1993) vəfat edib. “Bakı” kinostudiyasında, “Mosfilm”də işləyib. “Onun böyük ürəyi”, “Ulduzlar sönmür”, “Məhəbbətim mənim, kədərim mənim” (SSRİ-Türkiyə) və s. filmlərə quruluş verib.
21 sentyabr 1493 – Azərbaycan klassik təsviri sənətinin görkəmli nümayəndəsi Nizaməddin Sultan Məhəmməd (1493-1555) anadan olub. Şah İsmayılın, sonra isə onun oğlu Təhmasib şahın zamanında Səfəvi sarayının rəssamı olub, dünya şöhrətli Təbriz miniatür məktəbinin əsasını qoyub.
21 sentyabr 1924 – Bakıda I Ümumazərbaycan diyarşünaslıq qurultayı keçirilib.
21 sentyabr 1938 – Şair, yazıçı Nurəngiz Gün (Quliyeva; 1938-2014) anadan olub. Azərbaycan Televiziyasının diktoru olub. “Var olun, qızlar...” filmində çəkilib.
21 sentyabr 1959 – Filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Nizami Qulu oğlu Cəfərov Qazax rayonunun Zəlimxan kəndində anadan olub. 2001-ci ildən Azərbaycanda Atatürk Mərkəzinin müdiridir. Milli Məclisin deputatıdır.
Dünya
19 sentyabr 1888 – Belçikanın Spa kurort şəhərində dünyada ilk gözəllik müsabiqəsi keçirilib. Bu şəhərin şərəfinə gözəllik və sağlamlıq salonları “Spa-salonlar” adlanır.
19 sentyabr 1911 – İngilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1983) Uilyam Cerald Qoldinq (William Gerald Golding, 1911-1993) anadan olub. Əsərləri: “Milçəklərin hökmdarı”, “Sərbəst düşmə”, “Varislər”, “Piramida”, “Görünən qaranlıq” və s.
19 sentyabr 1948 – Məşhur ingilis aktyoru Ceremi Ayrons (Jeremy John Irons) anadan olub. Filmləri: “Fransız leytenantın arvadı”, “Svanın məhəbbəti”, “Həyat dolanbaclarında” (“Oskar”, 1990), “Lolita“ və s.
20 sentyabr 1878 – Amerika yazıçısı Epton Bill Sinkler (Upton Beall Sinclair, 1878-1968) anadan olub.
20 sentyabr 1946 – Fransanın Kann şəhərində birinci beynəlxalq film festivalı açılıb. Sonrakı illərdə ənənə halını alan tədbir bu gün dünyanın ən nüfuzlu kino müsabiqələrindən biridir.
20 sentyabr 1899 – Amerika filosofu və kulturoloqu Leo Ştraus (Leo Strauss, 1899-1973) anadan olub.
20 sentyabr 1934 – İtalyan aktrisası Sofi Loren (Sophia Loren - Sofia Villani Scicolone) anadan olub. Filmləri: “Çoçara” (“Oskar” mükafatı), “Dünən, bu gün, sabah”, “İtalyansayağı nikah”, “Günəbaxanlar” və s. Üç ən nüfuzlu kinofestivalın (Kann, Berlin, Venesiya) mükafatçısıdır.
21 sentyabr Beynəlxalq sülh günüdür. 1981-ci ildə BMT Baş Assambleyasının qərarı ilə “Qlobal atəşkəs və zorakılıqsız gün” kimi təsis edilib.
21 sentyabr 1866 – İngilis yazıçısı Herbert Uells (Herbert George Wells, 1866-1946) anadan olub. Elmi-fantastik romanların müəllifidir: “Zaman maşını”, “Gözəgörünməz adam”, “Aləmlərin savaşı”, “Qarışqalar səltənəti” və s.
21 sentyabr 1911 – Rus-sovet aktyoru və müğənnisi Mark Bernes (1911-1969) anadan olub.
Hazırladı: Vüqar ORXAN