Dünya heykəltəraşlığı tarixi öz səhifələrində ecazkarlığı ilə insan ağlını ovsunlayan neçə-neçə plastika nümunəsinin adını yaşatsa da, onların arasında “Mütəfəkkir”in xüsusilə seçildiyi birmənalıdır. Antik dövrün “Miloslu Venera”sı və İntibah dövrünün “David”indən məftunedicilik estafetini qəbul edən “Mütəfəkkir” yarandığı XIX yüzillikdən bu günə kimi ən tələbkar sənət xiridarlarını belə heyran etməkdədir.

Onun müəllifi – fransalı sənətkar Ögüst Roden (1840-1917) yaradıcılığı boyu bir çox əsərlər (“Kale vətəndaşları”, “Öpüş”, “Üç kölgə” “Həvva”) yaratsa da, məhz “Mütəfəkkir”in onun “tanınma nişanı”na çevrilməsi danılmazdır. Görəsən, bu tunclaşmış insanı tamaşaçılara sevdirən bədii-psixoloji  qüvvə nədir? İnsanın iç dünyasına qapalı – yaşantılara bələnmiş duruşu, yoxsa, onu bu durumda təqdim etməklə onun mütəfəkkirliyinin danılmazlığının birmənalı olmasını təsdiqləyən yüksək heykəltəraş sənətkarlığı?

Qənaətimizcə, əsərdə bunların hər ikisi qoşalaşıb, bədii vəhdət tapıb. Əks halda yaradıldığı gündən zamansızlığa və məkansızlığa qovuşduğunu sərgiləyən “Mütəfəkkir” bu günə kimi mövcudluğu ilə tamaşaçısını duyğulandırmaqda davam etməzdi. Onu da əlavə edək ki, qoyulacağı yeri əvvəlcədən məlum olan bu fiqur  zamanında həmin məkanda, yəni, yüzdən çox fiqurun arasında yerini tutsaydı, bəlkə də bu qədər məşhur olmazdı! Niyə və nə üçün suallarına cavab tapmaq üçün heykəlin yaradıldığı XIX əsrin son qərinəsinə qayıtmağa məcburuq...

Məsələ burasındadır ki, sonralar “Mütəfəkkir” kimi tanınacaq fiqur, əvvəlcədən “Şair” kimi düşünülmüşdü və Dantenin “İlahi komediya”sının motivləri əsasında hazırlanacaq yeddimetrlik – relyefli “Cəhənnəm qapısı”nın kompozisiyasında yer almalıydı. Tuncdan töküləcək bu qapı Parisdə 1880-ci illərdə inşasına qərar verilmiş Dekorativ Sənət Muzeyinin memarlığının tərkib hissəsi olmalıydı. Amma zamanın axarında heykəltəraşın kompozisiyanın ümumi tutumunu bir qədər də mürəkkəbləşdirməsi konkret şair – Dante fiqurunun yaradıcı şəxs obrazı ilə əvəzlənməsini şərtləndirdi. Sonrakı 37 il ərzində, yəni Rodenin ölümünə kimi tam şəkildə nə “Cəhənnəm qapısı”, nə də muzey hazır oldu. Qapı isə bütöv halda yalnız sənətkarın ölümündən sonra tuncdan hazırlandı. Onun tərkib hissəsi kimi düşünülən 76 santimetrlik “Mütəfəkkir” isə bundan xeyli əvvəl – 1888-ci ildə Kopenhagendə ictimaiyyətə təqdim olunmaqla ictimailəşdirilmişdi. 1902-ci ildə 181 sm hündürlüyündə tuncdan tökülən heykəlin 1904-cü ildə məşhur Paris Salonunda (Fransa İncəsənət Akademiyasının daimi ekspozisiyası – red.)  nümayişi isə ona böyük şöhrət gətirdi. Bunun nəticəsində heykəl əvvəlcə Panteonda (1906), 1922-ci ildə - Rodenin vəfatından sonra isə onun şərəfinə yaradılmış muzeydə yerləşdirildi. Bir qədər qəribə səslənsə də, heykəltəraş “Cəhənnəm qapısı”nın hazır olmadığı bir vaxtda - əsərin Panteonda yer aldığı gündəki çıxışında onu Fransa fəhlələrinin şərəfinə hazırlanmış abidə adlandırmışdı...

“Mütəfəkkir” barəsində ilkin müəllif fikirlərinə əsaslansaq,  fiquru şairlikdən “çıxaran” Roden,  onun bədii şərhini mücərrəd məfhumların konkret - alleqorik obrazda ifadəsinə yönəltməklə, onu yaradıcı insanların ümumiləşdirilmiş obrazı kimi həll etmişdi. Yaradıcı insanların bir qədər ənənəviləşən zərif və incə plastik təqdimatının əvəzinə, “Mütəfəkkir”in fiziki baxımdan güclü təqdimatı da zamanına görə yeni və orijinal idi. Yeri gəlmişkən deyək ki, obrazın yaradılmasında heykəltəraş prototip kimi Jan Bo adlı əzələli fransız boksçusundan model kimi istifadə edib...

Bu tunc heykəltəraşlıq nümunəsinin bədii-estetik məziyyətlərindən söz açmalı olsaq, ilk növbədə ondan əvvəlki dövrlərdə onun ümumi tutumuna oxşar bədii həllə rast gəlinmədiyini söyləməliyik. Belə ki, fiqurun mahiyyəti və məna-məzmun tutumu yalnız onun pozası ilə ifadə olunmuşdur. Düşünürük ki, antik və İntibah dövrlərindən xeyli sonra yaradılan “Mütəfəkkir”də çılpaq bədən estetikasının cəlbediciliyinə nail olan Roden, əslində, cəsarətli yaradıcı addımı ilə plastika sənətinin XIX əsr mənzərəsini xeyli yeniləşdirməyə nail olmuşdu. Fransa impressionizminin görkəmli simalarından sayılan heykəltəraşın yaradıcılığını səciyyələndirən ənənəvi emosionallığı obrazın iç dünyasına gömülmüş  duyğularda ifadəsi də bunun göstəricisi idi. Sənətkarın yapma manerasını səciyyələndirən və forma-biçim keçidlərində özünü təzahür etdirən oynaqlıq da bu emosionallığın əldə olunmasına yönəldilmişdi...

Doğrudan da, əlini çənəsinə söykəyərək oturmuş çılpaq bədənli fikir nəhənginin aldığı poza çox cəlbedici və düşündürücüdür. Bu düşündürücülüyü şərtləndirən səbəb isə onun fikirdən “əyilmiş” belində və kədərə bələnmiş çöhrəsində ifadə olunmuşdur. Bütün varlığı yaşanan gərginliyin aradan qaldırılmasına köklənmiş  yaradıcının ən müxtəlif nöqtələrdən müşahidə olunan durumunda duyulası təzadları görmək mümkündür. Forma-biçim dəyişkənliyi və işıq-kölgə oynaqlığı ilə tamaşaçısını duyğulandırmaq gücündə olan təzadlı plastik keçidlər məcmusunun mütəfəkkirin sirr qatına bələnmiş durumunun açılmasında yardımçı olduğu da duyulandır. Bu mənada onun çoxqatlı duruşunu “Mona Liza”nın “sirli təbəssümü” ilə müqayisə edənlər yanılmırlar. Müəllifin mütəfəkkirin yerə zillənmiş fikirli baxışlarında və çənəsinə söykənən “boş” əlində hifz olunan özünəqapılmanı ümumiləşdirilmiş yaradıcı yaşantısına çevirə bilməsinin nəticəsidir ki, gərginliyi duyulan əzaların plastik tutumundan “boylanan” düşündürücülük həm də obrazın cəlbediciliyini şərtləndirmişdir.

Bu fikir qəhrəmanının kiçik hislərlə yaşamadığına inam yaradan müəllif, əslində, onu bilavasitə, əbədiyyət və bəşəriyyətin gələcəyi barədə düşünmək gücündə olan bir insan obrazı kimi yaratdığına tamaşaçısını inandırır. Elə bu səbəbdən də zamansızlığa və məkansızlığa qovuşduğunu zaman-zaman sərgiləyən “Mütəfəkkir” bu gün də müasir görünməkdədir...

Əlavə edək ki, “Mütəfəkkir”in böyük uğurundan sonra Ö.Roden onun on ədəd tunc surətini hazırlatdırmışdı. Sənətkarın vəfatından sonra isə surətçıxarma hüququ Fransa xalqına verilmişdi və tezliklə belə surətlərin sayı iyirmiyə çatmışdı. Bu gün onları Parislə yanaşı Vaşinqton, Kopenhagen, Cenevrə, Melburn və b. şəhərlərdə görmək mümkündür.

Sonda deyək ki, “Mütəfəkkir”i həyatının və yaradıcılığının mənası hesab edən  Ögüst Rodenin vəsiyyətinə əsasən onun məzarının üzərində də bu heykəlin kiçikölçülü variantı ucaldılmışdır.

Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi