VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çox yüksək səviyyədə təşkil olunub. Bu vasitə ilə mədəniyyətlərarası dialoqa təsir göstərə bilirik. Eyni zamanda, sülh şəraitində yaşayan cəmiyyətin qurulmasında turizmin də rolu var.

BMT-nin Dünya Turizm Təşkilatının icraçı direktoru Zoritsa Uroseviç bunu Forum çərçivəsində keçirilən “Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” adlı panel sessiyada deyib.

O qeyd edib ki, bu gün dünyada iş yerlərinin 10 faizi məhz turizmlə bağlıdır. 2023-cü ildə dünya üzrə 1 trilyon turist səfəri qeydə alınıb. Bu mənada, turizmin daxili və beynəlxalq dialoqa necə şərait yaratdığını görürük.

Bu il Azərbaycanda turizm sahəsinin tam bərpasına nail olmuşuq. Ölkəmizə gələn turistlərin sayında xeyli artım var. Sözsüz ki, turizm yerli iqtisadiyyatı gücləndirir.

Bunu isə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev  panel sessiyada çıxışı zamanı deyib.

O, Azərbaycanın turistik imkanlarından bəhs edərək bildirib ki, turizm insanları qovuşdurmaq imkanı yaradır. Turizm mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynayır.