Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı müxtəlif ölkələrin musiqiçi və kollektivlərini bir araya gətirib
Sentyabrın 18-də Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçirildi. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən gecədə dövlət və hökumət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak edirdi.
Açılış mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək tədbir iştirakçılarını musiqi bayramı münasibətilə təbrik etdi. Diqqətə çatdırdı ki, dahi bəstəkar Üzeyir Hacıbəyli göstərdiyi xidmətlərlə öz adını Azərbaycanın musiqi tarixinə əbədi olaraq həkk edib. Böyük bəstəkarın doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.
Bildirildi ki, ümummilli liderin bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı fərmanla (1995) hər il sentyabrın 18-i ölkəmizdə Milli musiqi günü (Üzeyir musiqi günü) kimi təntənə ilə qeyd olunur.
Nazir bildirdi ki, böyük bəstəkar Azərbaycan xalqının mənəviyyatında silinməz iz qoyub. Üzeyir bəyin adı həm də bu il bir əsrlik yaşını böyük coşqu ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-mədəni həyatında yaxından iştirak etmiş böyük şəxsiyyətlərlə bir sırada çəkilir.
Vurğulandı ki, bu gün də Üzeyir Hacıbəylinin ənənələri davam edir: “Azərbaycan musiqisi müxtəlif ölkələrdə səslənir. Heydər Əliyev Fondunun təşkilatçılığı, Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan musiqisinin tarixi ənənələri UNESCO tərəfindən qorunur. Musiqimiz həmişə xalqımızla bərabər yaşayacaq, hüdudları aşaraq dünya miqyasında öz şöhrətini qazanmaqda davam edəcək”.
Əbülfəs Qarayev diqqətə çatdırdı ki, Milli musiqi günü artıq 10 ildir ki, təkcə musiqi bayramı olaraq deyil, həm də daha geniş miqyasda - beynəlxalq musiqi festivalı ilə musiqisevərlərin görüşünə gəlir: “Builki festival çərçivəsində paytaxtın əksər mədəniyyət müəssisələrində musiqi bayramı əhvalı hökm sürəcək, tanınmış musiqiçilərin əsərləri səslənəcək, görkəmli ifaçılar konsert proqramı ilə çıxış edəcəklər. Festivalda müxtəlif ölkələrdən tanınmış musiqiçi və kollektivlər iştirak edəcək. Festivalda həmçinin SSRİ Xalq artisti Murad Kajlayevin yaradıcılıq gecəsi - ümumilikdə isə 30-a yaxın tədbir keçiriləcək”.
Nazir vurğuladı ki, festivalın açılışında müxtəlif görkəmli sənətkarların əsərləri səslənəcək: “Bu əsərlərin sırasında Azərbaycanın böyük bəstəkarı, Üzeyir bəy və Qara Qarayev məktəbinin davamçısı, SSRİ Xalq artisti Arif Məlikovun da əsəri yer alır. Bu il bəstəkarın 85 illik yubileyini qeyd edirik”.
Daha sonra Əbülfəs Qarayev Prezident İlham Əliyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Arif Məlikovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncamını oxuyaraq ali mükafatı yubilyara təqdim etdi.
Festivalın ilk günü tamaşaçılara tanınmış kollektivlər - Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Fəxrəddin Kərimov) və Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər Gülbacı İmanova) müşayiəti ilə solist Murad Adıgözəlzadənin ifasında rəngarəng konsert proqramı təqdim olundu. Gecədə həmçinin Üzeyir bəyin “Koroğlu” operasından uvertüra, Arif Məlikovun fortepiano və orkestr üçün konserti, Ceyhun Allahverdiyevin “Əbədi sevgimsən” xor və orkestr üçün kantatası (Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub), S.Prokofyevin “Ala et Lolly”, “Skif süitası” və R.Ştraus “Salomeya” operasından “7 örtüyün rəqsi” əsərləri səsləndirildi.
***
Qeyd edək ki, festivalda Rusiya, ABŞ, Türkiyə, İtaliya və Slovakiyadan tanınmış musiqiçi və kollektivlər – T.Dokşitser adına “New life brass” kvinteti, “Dədə Qorqud” kamera orkestri, Murad Kajlayev, Murad Annamamedov, Sergey Roldugin, Pavel Milyukov, Azər Dəmirov, Fərhad Aşumov və başqalarının iştirakı ilə çoxsaylı tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Festival çərçivəsində 19 sentyabrda Bakı Musiqi Akademiyasında “Gələcəyə inam” müasir musiqi layihəsi üzrə (Ülviyyə Hacıbəyova - piano) konsert keçiriləcək. Sentyabrın 20-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli müğənni, SSRİ Xalq artisti Firəngiz Əhmədovanın 90 illiyinə həsr olunmuş “Azərbaycan opera səhnəsinin Nigarı” adlı tədbir təşkil olunacaq.
Sentyabrın 21-də Heydər Əliyev Sarayında SSRİ Xalq artisti, görkəmli bəstəkar Murad Kajlayevin müəllif gecəsi keçiriləcək. Gecədə Rusiyanın Xalq artisti, dirijor Murad Annamamedovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası iştirak edəcək.
Festivalın bağlanış mərasimi sentyabrın 26-da saat 19.00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Konsertdə Əməkdar artist, dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Rusiyanın Xalq artisti, məşhur violonçel ifaçısı Sergey Roldugin və P.İ.Çaykovski adına beynəlxalq müsabiqənin laureatı, skripkaçı Pavel Milyukov çıxış edəcək.
Lalə AZƏRİ