Bu il təhsil ocağına daxil olan tələbələrdən 10-u xarici ölkə vətəndaşıdır

Sentyabrın 17-də Bakı Xoreoqrafiya Akademiyasında (BXA) yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib. Akademiyanın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev çıxış edərək bu il təhsil ocağının tələbəsi və magistrantı adını qazanan gəncləri təbrik edib, onlara uğurlar arzulayıb.

Bildirilib ki, 2018-2019-cu tədris ili BXA-nın tarixində xüsusilə əlamətdardır. Çünki bu il xoreoqrafiya sənətinin inkişafı üçün çoxpilləli təhsilin səmərə verməsinə xidmət edəcək əsaslı islahatları aparılıb. Cari ildə təhsil ocağına 146 bakalavr qəbul olunub. Bu tələbələrdən 10-u xarici ölkə vətəndaşıdır. Ötən tədris ilində akademiya elmi yaradıcılıq, təlim-tədris və xarici əlaqələr işində uğurlu fəaliyyət göstərib. Son üç ildə akademiyada 30-dək xarici mütəxəssis tərəfindən ustad dərsləri keçirilib, 10-dək yaradıcı mərkəzlə əlaqə qurulub.

T.Əfəndiyev xoreoqrafiya təhsilində innovasiyaların tətbiqi, islahatların aparılması, beynəlxalq təcrübənin öyrənilməsindən danışıb, akademiyanın maddi-texniki bazasının gücləndirildiyini söyləyib və bu istiqamətdə tədbirlərin davamlı olacağına əminliyini ifadə edib.

Qeyd olunub ki, bu gün ölkə rəhbərliyinin elm, təhsil və mədəniyyət sahəsinə olan diqqət və qayğısı nəticəsində Bakı Xoreoqrafiya Akademiyası da öz fəaliyyətində yeni inkişaf mərhələsinə qədəm qoyub: “Akademiyada yüksəkixtisaslı professor-müəllim heyəti, həmçinin xalq və əməkdar artistlər tədris prosesinə cəlb olunub. Tədris prosesi beynəlxalq standartlara uyğun şəkildə qurulub. Akademiyanın  təşkilatçılığı ilə iki dəfə Qəmər Almaszadə adına Klassik və milli rəqs üzrə beynəlxalq müsabiqə keçirilib.

Rektor vurğulayıb ki, təhsil ocağında mövcud ixtisaslarla yanaşı, 2018-2019-cu tədris ilindən başlayaraq balet rejissorluğu, klassik rəqslər və dizayn ixtisasları üzrə də kadr hazırlığı aparılacaq.

Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev akademiyanın professor-müəllim heyətini, eləcə də bakalavr və magistr pillələrinin tələbələrini Bilik günü və bu tədris ocağına daxil olmaları münasibətilə təbrik edib. Bildirib ki, Bakı Xoreoqrafiya Akademiyasının yaradılması Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir.

Nazir qeyd edib ki, akademiyada xoreoqrafiya sənətinin beynəlxalq səviyyəyə qaldırılması, həmçinin maddi-texniki bazanın gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir: “Akademiya yarandığı gündən fəaliyyətini uğurla davam etdirir. Zəngin ənənələrə malik olan təhsil ocağının məzunları hər zaman Azərbaycan mədəniyyətini, musiqisini beynəlxalq tədbirlərdə uğurla təmsil edirlər. Bu nailiyyətlərin davamlı olması üçün akademiyanın müəllim və tələbələri müasir rəqs cərəyanlarını daha dərindən öyrənməli və imkan olduqca xaricə ezam edilməli, digər ölkələrin teatrlarında səhnə fəaliyyəti ilə yaxından tanış olmalıdırlar”.

Nazir həmçinin akademiyanın müəllim heyətinin regionlarda ustad dərslərini davam etdirmələrini, eləcə də tələbələrin ölkəmizdə keçirilən tədbir və müsabiqələrdə fəal iştirak etmələrinin zəruriliyini vurğulayıb.

Sonda mədəniyyət naziri Əbülfəs Qarayev akademiyanın bakalavr və magistrantlarına tələbə vəsiqələri və müvəffəqiyyət kitabçalarını təqdim edərək uğur arzulayıb.