Rejissor Şamil Əliyevin “Çölçü” filmi Avropa, Asiya və Amerikadan olan kino ekspertlərindən ibarət münsiflər heyətinin rəyi ilə “Cult Critik Movie Awards” jurnalının “Jan Lük Qodar” mükafatına layiq görülüb.
Şamil Əliyev bildirib ki, təqdimetmə mərasimi sentyabrın 16-da Hindistanın Kolkata şəhərində keçirilib. Yarışmada 70 ölkəni təmsil edən ekran əsərləri iştirak edib.
Qeyd edək ki, “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 38 beynəlxalq kinofestivalda iştirak edərək mükafatlara layiq görülüb. Ekran əsəri, ümumilikdə, 8 dəfə “Ən yaxşı bədii film”, 3 dəfə “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”, “Ən yaxşı qadın oyunçu”, “Yaradıcılıq axtarışlarına görə”, eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb.
Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.