Ağdaş şəhər Uşaq musiqi məktəbində dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin (1885-1948) anadan olmasının 133-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Məktəbin direktoru Rafiq İsgəndərov tədbiri açaraq Şərqdə ilk opera və operetta janrlarının əsasını qoyan Üzeyir Hacıbəylinin yaradıcılığından söhbət açıb.
Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Tahir Əliyev çıxış edərək Üzeyir Hacıbəyli irsinin təkcə Azərbaycanın deyil, bütün dünyanın nadir incisi olduğunu bildirib, böyük musiqiçinin yaradıcılığını xalqımızın milli-mənəvi sərvəti adlandırıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin müvafiq fərmanı ilə bəstəkarın dünyaya gəldiyi 18 sentyabr tarixi ölkəmizdə Milli musiqi günü kimi qeyd olunur. Bununla əlaqədar silsilə tədbirlər, o cümlədən Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu il Üzeyir musiqi festivalı 10-cu dəfə təşkil olunur.
Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşı Möhlüd Hacıxanov, Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Ağdaş rayon Mərkəzi kitabxanasının direktoru Seyfəddin Feyzullayev tədbirin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.
Çıxışlardan sonra məktəbin müəllim və şagird kollektivinin, eləcə də rayon mədəniyyət işçilərinin ifasında Üzeyir bəyin ölməz əsərləri səsləndirilib, “O olmasın, bu olsun” musiqili komediyasından səhnəcik nümayiş etdirilib.