Azərbaycan Dövlət Musiqili Teatrında ssenarisi və quruluşu teatrın əməkdaşı Sevda Məmmədovaya məxsus “Əsarətdən cəsarətə” adlı yeni səhnə əsərinə ictimai baxış olub.
Tamaşanın süjet xəttində cəmiyyətdə insanların səhhətinə, psixoloji durumuna, sosial-iqtisadi vəziyyətinə neqativ təsir edən, cinayətlərin ilbəil artmasına gətirib çıxaran narkomaniyanın törətdiyi fəsadların bir gənc ailənin faciəsinə necə yol açdığı göstərilir.
Tamaşa Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və “Cəzaçəkmiş qadınların cəmiyyətə qayıdışı” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə qalib gəlib, Quba və Qusar rayonlarında gənclər üçün nümayiş olunub.
Teatrın ədəbi hissə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova səhnə əsərinin nümayişindən sonra yaradıcı heyət və tamaşa barədə fikirlərini bildirib: “Tamaşanın mövzusu çox aktualdır. Cəmiyyətin bəlası olan narkomaniyaya qarşı hamımız birgə mübarizə aparmalıyıq. Ən yaxşı üsullardan biri də yeniyetmə və gənclər arasında maariflənmə işləridir. Bu tamaşa orta məktəblərin yuxarı sinif şagirdləri və gənclər üçün nəzərdə tutulan ən effektli təbliğat vasitəsi ola bilər. Qoy gənclərimiz bu bəladan uzaq olsun, sağlam yaşasınlar. Əgər uçurumun kənarındadırlarsa, geri çəkilsinlər. Tamaşadan alınan nəticə budur”.