Azərbaycan kinosunun inkişafı üçün bilik və bacarığını əsirgəməyən unudulmaz sənətkarlarımız çox olub. İstedadı, əməyi nəsillər üçün örnək olan, rejissorluq sahəsində məktəb yaradan SSRİ Xalq artisti, görkəmli ssenarist, aktyor və pedaqoq Əjdər İbrahimovun xidmətləri bu gün sənət aləmində minnətdarlıqla xatırlanır.

Əjdər Mütəllim oğlu İbrahimov əslən təbrizlidir. Valideynləri ötən əsrin əvvəllərində Türkmənistana köçür və Əjdər 29 aprel 1919-cu ildə Aşqabad şəhərində dünyaya göz açır. Uşaqlıq və gənclik illəri Türkmənistanda keçir. Erkən çağlardan ailəsində Azərbaycan nağıl və dastanlarına maraq görür, muğamlarımızı həvəslə dinləyir və milli-mənəvi dəyərlərimizin sehrinə düşür.

Əjdər həm də teatra maraq göstərir, on üç yaşında səhnədə ilk rolunu oynayır. Aşqabad Teatr Məktəbinə daxil olur və 1940-cı ildə təhsilini başa vurur. Teatr təhsili alsa da, kinoya olan hədsiz marağı onu bu sahəyə istiqamətləndirir. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsinə daxil olan gənc Əjdər 1952-ci ildə buradan məzun olur.

Təyinatla Aşqabad kinostudiyasına göndərilir. Bir müddət orada çalışdıqdan sonra 1954-cü ildə Bakıya gəlir. Həmin il Lətif Səfərovun quruluş verdiyi “Mahnı belə yaranır” və Tofiq Tağızadənin 1955-ci ildə çəkdiyi “Görüş” filmlərində ikinci  rejissor kimi çalışır. 1957-ci ildə Bakı kinostudiyası ilə “Mosfilm”in (rejissor İ.Turin) birgə ekranlaşdırdığı “Bir məhəllədən iki nəfər” filmini çəkir. Əjdər İbrahimov 1958-ci ildə sərbəst şəkildə öz bədii filmini - “Onun böyük ürəyi”ni çəkir. Əsərin ssenarisini yazıçı İmran Qasımov qələmə almışdı. Film Sumqayıtda gedən nəhəng quruculuq işlərindən bəhs edir. Süjetdə Böyük Vətən müharibəsi, ondan əvvəlki və sonrakı dövrlər əks olunub. Burada rejissor özü də Rəsulov rolunda çəkilib. Bu film əslində Əjdər İbrahimovun həm də rejissor kimi özünütəsdiqi idi. Təsadüfi deyil ki, “Onun böyük  ürəyi” filmini seyr edən Vyetnamın mədəniyyət xadimləri Sovet İttifaqının müvafiq qurumlarına müraciət edərək rejissorun Vyetnam kinematoqrafiyasının formalaşdırılmasına yardım etməsini istəyirlər. Beləliklə, Əjdər İbrahimov Vyetnama gedir və paytaxt Hanoyda kino məktəbinin açılmasında iştirak edir. Vyetnamın ilk peşəkar kino aktyoru və rejissorları burada yetişir. Onun bədii rəhbərliyi ilə “İki əsgər”, “Acgöz quş”, “Bir payız günündə” filmləri çəkilir.

Əjdər İbrahimovun yaddaqalan ekran əsərlərindən biri də “Ulduzlar sönmür” filmidir. Görkəmli ictimai-siyasi xadim, yazıçı-dramaturq Nəriman Nərimanovun həyat və fəaliyyətini əks etdirən film böyük şəxsiyyətin və onun yaşadığı dövrün xarakterini, qəhrəmanın insani keyfiyyətlərini açıb göstərir.

Sənətkarın rejissor şöhrəti SSRİ-nin hüdudlarını sürətlə aşır, xarici ölkələrdə də tanınır və ekran əsərləri rəğbətlə qarşılanır. Bu səbəbdən də “Mosfilm” kinostudiyası (SSRİ) ilə “Tuğrafilm” (Türkiyə) kinoşirkəti “Məhəbbətim mənim, kədərim mənim” bədii filminin birgə istehsalı zamanı hər iki tərəf böyük məmnuniyyətlə quruluşu Əjdər İbrahimova həvalə edir. Rejissor bununla növbəti dəfə görkəmli türk şairi Nazim Hikmətin yaradıcılığına müraciət etmiş olur. O, şairin “Məhəbbət əfsanəsi” pyesinin motivləri əsasında çox maraqlı ekran əsəri ortaya qoyur.

Əjdər İbrahimov 20 ildən artıq Moskva Dövlət Mədəniyyət İnstitutunda kino rejissorluğu və aktyor sənətindən dərs deyib, neçə-neçə gənc kinosevərə sənətin sirlərini öyrədib.

Rejissor eyni zamanda “Vyetnamda gördüklərim”, “Günəş ağlayır”, “Döyüşən Vyetnamın kino sənəti” və s. kitabların müəllifidir.

Ölkəmizdə, eləcə də SSRİ məkanında kino sahəsinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilən sənətkar bir sıra dövlət təltiflərinə layiq görülüb.

Əjdər İbrahimov 20 sentyabr 1993-cü ildə, ömrünün 74-cü ilində Moskvada vəfat edib, çox sevdiyi Bakıda Fəxri xiyabanda dəfn olunub.

Savalan FƏRƏCOV