“2018-ci il Avropa mədəni irs ili” çərçivəsində Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin və “United Cultures in Baku” MMC-nin birgə təşkilatçılığı ilə noyabrın 1-dən 10-dək Bakıda “Fantaziya” festivalı keçiriləcək.
Bununla əlaqədar sentyabrın 19-da keçirilən mətbuat konfransında Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Fransa, Niderland, Polşa, Macarıstan və Meksikanın ölkəmizdəki səfirləri Aureliya Buşez, Onno Kervers, Marek Tsalka, Viktor Szederkenyi, Xuan Rodriqo Labardini Flores və digərləri çıxış edərək festivalın əhəmiyyəti barədə danışıb, Azərbaycan tarixinin, zəngin mədəni irsinin qorunmasının vacibliyini qeyd ediblər.
Vurğulanıb ki, festival ölkəmizdə mədəni irsin qorunub saxlanılmasının vacibliyinə dair məlumatlılığın artırılması məqsədilə təşkil ediləcək. “United Cultures in Baku” MMC festivala təşkilati dəstək verəcək.
Bildirilib ki, festivalda konsertlər, ekskursiyalar, seminarlar, sərgilər, müsabiqələr təşkil olunacaq, yerli və xarici mütəxəssislərlə görüşlər keçiriləcək.
Sonda festivala həsr edilmiş videoçarx nümayiş olunub.