Azərbaycan

22 sentyabr 1865 – Milli teatrımızın ilk peşəkar aktyorlarından biri Cahangir Məşədi Rza oğlu Zeynalov (1865-1918) anadan olub. XX əsrin əvvəllərində “Nicat”, “Səfa” və “Nəşri-maarif” mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında aktyorluq edib, tamaşalara quruluş verib.

22 sentyabr 1929 – Publisist, ictimai xadim Əhməd bəy Qaraca (1929-2005) Türkiyədə anadan olub. Ailəsi 1924-cü ildə qardaş ölkəyə mühacirət etmişdi. M.Ə.Rəsulzadənin yaratdığı Azərbaycan Kültür Dərnəyinə 1955-ci ildən rəhbərlik edib. Türkiyədə nəşr edilən “Azərbaycan” jurnalının redaktoru olub.

22 sentyabr 1909 – İlk azərbaycanlı kinorejissorlardan Səməd Mərdanov (1909 - 6.8.1939) anadan olub. 1939-cu ildə “Kəndlilər” bədii filmini çəkib.

Görkəmli aktyor Mustafa Mərdanovun qardaşıdır.

 

22 sentyabr 1929 – Əməkdar elm xadimi, filosof Həsən İsmayıl oğlu Şirəliyev (1929 - 30.11.1997) anadan olub. BDU-nun professoru olub.

23 sentyabr 1928 - Opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Yusif qızı Əhmədova (1928 - 16.12.2011) anadan olub. 1951-1988-ci illərdə Dövlət Opera və Balet Teatrının solisti olub. Əsas partiyaları: Nigar (“Koroğlu” - Ü.Hacıbəyli), Nərgiz, Gülzar (“Nərgiz”, “Şah İsmayıl” - M.Maqomayev), Sevil (“Sevil” - F.Əmirov) və s.

23 sentyabr 1929 – Yazıçı-jurnalist Əfqan Hacıağa oğlu Əsgərov Şirvanın Qarabağlılar kəndində anadan olub. “Həsrət də bir vüsaldır”, “Qartal əfsanəsi” romanları, “Dədə Bəhmən” trilogiyası və s. əsərlərin müəllifidir.

23 sentyabr 1929 – Tarixçi, şərqşünas, türkoloq Yusif Bəhlul oğlu Yusifov (1929 - 4.1.1998) Qərbi Azərbaycanın Vedi mahalında anadan olub. Azərbaycan Pedaqoji Universitetinin professoru, mixi yazılar üzrə mütəxəssis olub.

23 sentyabr 1935 – Rejissor, Əməkdar incəsənət xadimi Ziyafət Əmir oğlu Abbasov anadan olub. “Azərbaycanfilm” kinostudiyasının direktoru (1995-2001) olub, “Mozalan” satirik kinojurnalı üçün bədii və sənədli süjetlər çəkib.

23 sentyabr 1969 – Şair-publisist Ülvi Yusif oğlu Bünyadzadə (1969 - 20.1.1990) doğulub. 20 Yanvar qırğınında şəhid olub.

23 sentyabr 1970 – Görkəmli yazıçı-dramaturq, ssenarist Sabit Rəhman (Sabit Kərim oğlu Mahmudov; 26.3.1910 – 1970) vəfat edib. “Toy”, “Xoşbəxtlər”, “Nişanlı qız”, “Əliqulu evlənir” və s. pyeslərin, “Arşın mal alan” (1945), “O olmasın, bu olsun”, “Əhməd haradadır?”, “Ulduz” filmlərinin ssenarilərinin, “Yeddi gözəl” baletinin (Q.Qarayev) librettosunun müəllifidir.

23 sentyabr 1989 – Ali Sovet “Azərbaycan SSR-nin dövlət suverenliyi haqqında” Konstitusiya qanunu qəbul edib. Sənəddə qeyd olunmuşdu ki, ittifaq (SSRİ) səviyyəsində qəbul olunmuş qanunvericilik aktı Azərbaycanın suverenliyinə xələl gətirərsə, onun respublika ərazisində qüvvəsi dayandırılacaq.

  

24 sentyabr 1928 – Kinorejissor, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Arif Hacağa oğlu Babayev (1928 - 26.8.1983) Bakıda doğulub. Filmləri: “İnsan məskən salır”, “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Arxadan vurulan zərbə”, “Alma almaya bənzər”, “Birisigün, gecəyarısı...” və s.

24 sentyabr 1936 – Xalq artisti, bədii-qiraət ustası Əminə Yusifqızı anadan olub. Gənc Tamaşaçılar, Milli Dram teatrlarında, “Azərbaycanfilm”də çalışıb, filmlərin dublyajında iştirak edib, “Şərikli çörək”, “Sən niyə susursan?” və s. filmlərdə çəkilib.

24 sentyabr 1943 – Xalq rəssamı, heykəltəraş, professor Fuad Məmmədəmin oğlu Salayev Bakıda anadan olub. Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektorudur.

24 sentyabr 1993 – Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olub.

 

Dünya

 

22 sentyabr 1694 – İngilis yazıçısı Filip Dormer Stenxop Çesterfild (Philip Dormer Stanhope Chesterfield, 1694-1773) anadan olub.

22 sentyabr 1875 – Rəssam, bəstəkar, professional Litva musiqisinin banisi Mikaloyus Çurlonis (Mikalojus Konstantinas Ciurlionis; 1875-1911) anadan olub.

22 sentyabr 1893 – Rus filosofu və yazıçısı Aleksey Losev (1893-1988) anadan olub.

22 sentyabr 1895 – Amerika aktyoru, «Oskar» mükafatı laureatı Pol Muni (əsl adı Meshilem Meier Weisenfreund; 1895-1967) anadan olub.

22 sentyabr 1938 – Amerika aktyoru və müğənnisi Din Rid (Dean Cyril Reed, 1938-1986) anadan olub.

 

23 sentyabr 1901 – Çexiya yazıçısı və şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1984) laureatı Yaroslav Seyfert (Jaroslav Seifert, 1901-1986) anadan olub.

23 sentyabr 1913 – Gürcü bəstəkarı, SSRİ Xalq artisti Aleksey Davidoviç Maçavariani (1913-1995) anadan olub. “Pələng dərisi geymiş pəhləvan”, “Otello” baletlərinin müəllifidir.

23 sentyabr 1930 – Amerika cazmeni və pianoçusu Rey Çarlz (Raymond Charles Robinson; 1930-2004) anadan olub.

23 sentyabr 1938 – Alman aktrisası Romi Şnayder (Romy Schneider - Rosemarie Magdalena Albach-Retty; 1938-1982) Vyanada doğulub. Filmləri: “Əsas sevməkdir”, “Kristina”, “Köhnə tüfəng”, “Trotskinin qətli” və s.

 

24 sentyabr 1896 – Amerika yazıçısı Frensis Skott Fitscerald (Francis Scott Key Fitzgerald, 1896 - 21.12.1940) anadan olub. Əsərləri: “Cənnətin bu tərəfində”, “Gözəl və lənətlənmişlər”, “Böyük Qetsbi” və s.

Hazırladı:  Vüqar ORXAN