Bəstəkarlar İttifaqında elmi konfrans
Sentyabrın 25-də Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda elmi konfrans keçirildi.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək 2009-cu ildən başlayaraq dahi Üzeyir bəyə həsr olunan beynəlxalq festivalın keçirilməsinin əhəmiyyətindən danışdı. Vurğuladı ki, mədəniyyətimizin bayramına çevrilən bu festival eyni zamanda dünyanın görkəmli musiqiçilərini də ölkəmizdə bir araya gətirir. Diqqətə çatdırıldı ki, Azərbaycan Bəstəkarlar İttifaqı ənənəvi olaraq bu musiqi bayramının təşkilində yaxından iştirak edir.
F.Əlizadə onu da bildirdi ki, dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilər dahi bəstəkarın yaratdığı zəngin musiqi irsi ilə daha yaxından tanış olublar. Üzeyir Hacıbəylinin yaradıcılığı tükənməz bir xəzinədir. Buna görə də onun əsərlərinin əhatə coğrafiyası gündən-günə genişlənir. Yeni-yeni tədqiqatlar aparılır və bu iş hər zaman aktual olaraq qalacaq.
Ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı silsilə tədbirlərin keçirildiyini də vurğulayan F.Əlizadə dedi: “Üzeyir Hacıbəyli dövrünün tanınmış ziyalısı və ictimai xadimi kimi Xalq Cümhuriyyətinin yaranmasında, onun fəaliyyəti illərində əvəzsiz xidmətlər göstərib. Bəstəkarlar İttifaqında reallaşan elmi konfransda Üzeyir bəyin bu istiqamətdə gördüyü işlərdən bəhs olunacaq”.
Tədbirdə daha sonra Bəstəkarlar İttifaqının katibləri – əməkdar incəsənət xadimləri Zemfira Qafarova “Azərbaycan bəstəkarlarının opera yaradıcılığında “Koroğlu” operasının ənənələri”, Sərdar Fərəcov “Üzeyir Hacıbəylinin əsərlərinə edilən təcavüzlər”, musiqişünaslar Səadət Qarabağlı “Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti”, Raya Abbasova “Leyli və Məcnun” operası Bakı Marionet Teatrının quruluşunda”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Zöhrabova “Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” elmi işinin milli musiqişünaslığın inkişafında rolu” və Əməkdar incəsənət xadimi Nərgiz Şəfiyevanın “Üzeyir Hacıbəylinin təhsil dövründə cümhuriyyət ideyalarının təşəkkülü” mövzusunda məruzələri dinlənildi.
Savalan FƏRƏCOV