Görkəmli yazıçı, ədəbiyyatşünas Mir Cəlal Paşayevin xatirəsi anılıb
Sentyabrın 24-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin (1908-1978) xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Mərkəzin direktoru Leyla Qasımova XX əsrdə Azərbaycan elmi, ədəbiyyatı və təhsilinin inkişafında əvəzsiz rol oynamış Mir Cəlal Paşayevin həyat və yaradıcılığından danışıb, bu il yazıçının 110 illik yubileyi münasibətilə həm Azərbaycanda, həm də xarici ölkələrdə tədbirlərin təşkil edildiyini diqqətə çatdırıb.
Qeyd edilib ki, Azərbaycan Mədəniyyət Mərkəzi vəfatının 40-cı ili tamam olan ədibin yaradıcılığına yenidən müraciət edib. Onun “Kəmtərovlar ailəsi” hekayəsinin motivləri əsasında ekranlaşdırılmış “İki yad adam” bədii filmini Avstriya ictimaiyyətinə təqdim etmək qərarına gəlib. Bu məqsədlə filmin yaradıcı heyəti – Əməkdar artist Gülşad Baxşıyeva, layihə müəllifi və prodüser Hüseyn Cavadzadə, ssenari müəllifi Nicat Dadaşov, aktyor Riad Abdulov Vyanaya dəvət edilib.
Filmin prodüseri, “ADDIM” Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə bildirib ki, bu gün gənc yaradıcı insanların üzərinə böyük ədibin irsini geniş kütləyə tanıtmaq məsuliyyəti düşür. “Kəmtərovlar ailəsi” hekayəsi 60 il bundan öncə yazılmasına baxmayaraq, bu gün də öz aktuallığını qoruyub saxlayır. Film ötən ilin mart ayında ilk dəfə Çinin paytaxtı Pekində keçirilən “Grand Asian” film festivalında “Ən yaxşı sosial film” nominasiyasında qalib olub.
Gülşad Baxşıyeva film haqqında fikirlərini bölüşərkən qeyd edib ki, müasir həyatla səsləşən hekayədə və onun ekran əsərində əsas qayə insanları şan-şöhrət, var-dövlət dalınca qaçmaqdansa, öz ülvi hislərini yaşamağa, axıb gedən həyatda öz gəncliklərinin və bir-birlərinin qədrini bilməyə çağırmaqdır.
Sonra “ADDIM” Gənclər Təşkilatının sifarişi ilə “Caspian Media Group” şirkəti tərəfindən Mir Cəlal Paşayevin “Kəmtərovlar ailəsi” hekayəsinin motivləri əsasında ekranlaşdırılan “İki yad adam” filmi təqdim olunub.
Filmdə Gülşad Baxşıyeva ilə yanaşı, aktyorlar Duyğu Dəvəli, Riad Abdulov, Faiq Mirzəyev, Fərqanə Quliyeva, Aysel Osmanlı, Vüsalə Məmmədzadə və başqaları çəkiliblər.
Nümayişdən sonra yaradıcı heyətin üzvləri film barədə öz fikirlərini bölüşüb, tamaşaçıların suallarını cavablandırıblar.