Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov bu ölkənin Katara mədəniyyət şəhərciyinin rəhbəri Xalid Al Sulaiti ilə görüşüb. Görüşdə ölkələrimiz arasında mədəni əlaqələrin perspektivləri, Doha şəhərində Azərbaycan mədəniyyət günlərinin, sərgilərin, muğam gecələrinin təşkili imkanları müzakirə edilib.
Xalid Al Sulaiti mədəniyyət şəhərciyində keçirilən tədbirlər haqqında ətraflı məlumat verib, xüsusən də Azərbaycan mədəniyyət günlərinin təşkilinə lazımi dəstəyin göstərilməsinə hər zaman hazır olduqlarını qeyd edib.
Bildirilib ki, teatr və konsert zalları, amfiteatr, sərgi mərkəzləri, musiqi akademiyası və incəsənət mərkəzləri, ticarət və ictimai iaşə obyektləri və istirahət yerlərinin olduğu şəhərcik Qətərin ən çox turist cəlb edən məkanıdır.
Görüşdə xalqımızın mədəniyyəti və incəsənəti barədə məlumat verən səfir Azərbaycan musiqisi, muğamı və milli yeməkləri haqqında buklet və digər təbliğat materiallarını Xalid Al Sulaitiyə təqdim edib.