Sentyabrın 21-də Azərbaycan Yazıçılar Birliyində (AYB) qurumun sədri, Xalq yazıçısı Anara Bəstəkarlar İttifaqının “Üzeyir Hacıbəyli” medalının təqdimetmə mərasimi keçirildi. 

Tədbirdə çıxış edən ittifaqın sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə bu il Bəstəkarlar İttifaqı tərəfindən Üzeyir Hacıbəyli adına medalın təsis olunduğunu bildirdi. Qeyd etdi ki, ilk medalın Xalq yazıçısı Anara təqdim olunması xüsusi əhəmiyyətə malikdir: “Çünki biz heç vaxt kinoda Üzeyir bəy obrazını görməmişdik. Dahi bəstəkarın obrazını kinoya gətirən məhz Anar müəllim oldu. Onun “Üzeyir ömrü” filmi bizə böyük musiqiçinin bədii obrazı ilə yaxından tanış olmaq imkanı yaratdı. Bu film Üzeyir bəyin uşaqlıq və gənclik illərini, onun musiqi aləmində ilk müvəffəqiyyətlər qazandığı, istedadlı yazıçı, jurnalist, ictimai xadim kimi fəaliyyətə başladığı bir dövrü əhatə edir. Tamaşaçılar görkəmli sənətkar, mübariz ziyalı keyfiyyətlərinin hamısını Üzeyir Hacıbəylidə görür və onun həyat və yaradıcılıq yolu ilə tanış olurlar. Filmdə, həmçinin bəstəkarın ayrı-ayrı əsərləri, o cümlədən “Leyli və Məcnun”, “Koroğlu” operaları və “Arşın mal alan” operettasının səhnə taleyi də öz əksini tapıb. “Üzeyir ömrü” filmində bəstəkarın obrazının yaradıcısı mərhum sənətkarımız Hüseynağa Atakişiyevin bu rola dəvət alması və işinin öhdəsindən məharətlə gəlməsini də xüsusi qeyd etmək gərəkdir”.

Firəngiz Əlizadə bildirdi ki, Anar dahi bəstəkara həsr edilən çoxsaylı əsərlərin müəllifidir: “Biz bu əsərləri oxuyaraq Üzeyir bəyin yaradıcılığı ilə daha da yaxından tanış olmaq imkanı qazanmışıq. Biz Anar müəllimə bu fəaliyyətinə görə minnətdarıq”.

Sonra Bəstəkarlar İttifaqının sədri “Üzeyir Hacıbəyli” medalını yazıçıya təqdim etdi.

Xalq yazıçısı bu təltifə layiq görüldüyünə görə Firəngiz Əlizadəyə təşəkkürünü bildirdi. Vurğuladı ki, ədəbiyyat və kino sahəsində gördüyü hər bir iş qəlbinin istəyi ilə reallaşıb: “Bu gün Üzeyir bəyin adını daşıyan medalın mənə təqdim edilməsindən çox məmnunam. Üzeyir Hacıbəyli böyük bəstəkar olmaqla bərabər, həm də görkəmli yazıçı və ictimai xadim idi. O, Azərbaycan idealları üçün yaşayıb-yaradan əsl vətənpərvər idi”.

Uşaq yaşlarında Üzeyir bəylə görüşlərini xatırladan Xalq yazıçısı təqdim edilən mükafatın onun üçün çox dəyərli olduğunu vurğuladı.

Daha sonra mərasim Azərbaycan musiqisi və ədəbiyyatı mövzusunda müzakirələrlə davam etdi.

Lalə AZƏRİ