Premyerada iştirak edən rusiyalı müəllif Azərbaycan teatrları ilə əməkdaşlıqdan məmnunluğunu bildirib
Sentyabrın 23-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tanınmış rus yazıçı-dramaturqu Yuri Polyakovun “Sinif yoldaşları” əsəri əsasında səhnələşdirilmiş tamaşasının premyerası olub. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, premyerada Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov, eləcə də əsərin müəllifi Y.Polyakov, mədəniyyət, elm xadimləri iştirak ediblər.
Melodram janrında hazırlanan tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azərpaşa Nemətov, rejissoru Anar Sadıqov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Ceyran Həsənlidir.
Rolları xalq artistləri Ramiz Novruz, Cəfər Namiq Kamal, Səidə Quliyeva, əməkdar artistlər Sənubər İsgəndərli, Şəlalə Şahvələdqızı, Rövşən Kərimduxt, Füzuli Hüseynov, aktyorlar Mətləb Abdullayev, İlahə Həsənova, Rüstəm Rüstəmov, Vüsal Mustafayev, Ziya Ağa, Vüsal Məmmədov, Mehman Fətullayev ifa edirlər. Əsəri Azərbaycan dilinə yazıçı Etimad Başkeçid tərcümə edib.
Tamaşa sinif yoldaşlarının 20 il sonrakı görüşü, yaxud insan mənəviyyatının deqradasiyası haqqındadır. Həyatın müxtəlif imtahanlarından çıxan sinif yoldaşları müharibə əlili İvanın ad günündə təkcə sosial vəziyyətlərindəki böhranı göstərmir, eyni zamanda mənəvi simalarını hansı şəkildə itirdiklərini də tamaşaçıya nümayiş etdirirlər.
Səhnə əsəri alqışlarla qarşılanıb. “Sinif yoldaşları” tamaşası eyni zamanda Rusiya-Azərbaycan teatr əlaqələrində növbəti uğurlu addımdır.
Qeyd edək ki, Yuri Polyakov “Əmrə yüz gün qalmış”, “Rayon miqyaslı fövqəladə vəziyyət”, “Süddə çəpiş” və digər əsərlərilə məşhurlaşıb. Əsərləri əsasında iyirmiyə yaxın bədii film çəkilib, pyesləri Rusiyada və xaricdə bir çox teatrlarda səhnəyə qoyulub. Yazıçı-dramaturq “N.Qoqol” və “İ.Bunin” adına ədəbiyyat mükafatlarına layiq görülüb, “Literaturnaya qazeta”nın baş redaktoru, Rusiya Dramaturqlar Gildiyasının sədridir.
* * *
Bakıda səfərdə olan rus yazıçı-dramaturq Yuri Polyakov və ailə üzvləri, o cümlədən Akademik Milli Dram Teatrının kollektivi Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Qonaqlar və teatrın kollektivi tərəfindən Şəhidlər xiyabanı da ziyarət olunub.
* * *
Sentyabrın 24-də Azərbaycan Dillər Universitetində (ADU) rus yazıçısı, dramaturq, ssenarist və ictimai xadim Yuri Polyakovla görüş keçirilib.
ADU-nun rektoru, yazıçı-dramaturq, akademik Kamal Abdulla qonağı salamlayaraq onu Akademik Milli Dram Teatrındakı uğurlu premyera münasibətilə təbrik edib.
Qonaq Azərbaycana səfərindən məmnun olduğunu bildirib, premyera barədə təəssüratlarını bölüşüb, teatrın yaradıcı heyətinə, eləcə də əsəri Azərbaycan dilinə tərcümə etmiş Etimad Başkeçidə minnətdarlığını bildirib. O, həmçinin “Xalam-bundu” əsərinin 2016-cı ildə Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovskinin quruluşunda tamaşaya qoyulduğunu və əsərin böyük uğur qazandığını qeyd edib.
Y.Polyakov özünün ən populyar əsərlərindən olan “Süddə çəpiş” romanının Bakı Slavyan Universitetində təqdimatı zamanı həmin ali məktəbdə olması barədə xatirələrini də bölüşüb. Qeyd edib ki, roman on dilə, o cümlədən Azərbaycan dilinə tərcümə edilib, əsər əsasında film çəkilib.