Türkiyənin Adana şəhərində 25-ci Beynəlxalq Film Festivalı keçirilir. 22-30 sentyabr tarixini əhatə edən festivalda ölkəmiz də təmsil olunur.

Festival çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY-un təşkilatçılığı ilə Azərbaycan kinosunun 120 illik yubileyinə həsr olunan mərasim keçirilib.

Adana Atatürk Sənət Qalereyasında təşkil olunan tədbirə Azərbaycan və Türkiyənin teatr və kino xadimləri, xarici qonaqlar qatılıb.

Əvvəlcə Azərbaycan kinosunun tarixi haqqında fotosərginin açılışı olub.

Sonra Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, aktyor, rejissor, Xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov, kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev və Mədəniyyət Nazirliyinin əməkdaşı, ssenarist Elşad Əliyev Azərbaycan kinosunun tarixi və keçdiyi yol barədə danışıblar. Paneldə Azərbaycan kinosunun inkişaf mərhələləri, bu sahəyə göstərilən dövlət qayğısından da söz açılıb.

Daha sonra Azərbaycan kinosunun tarixindən bəhs edən, kinorejissor Yavər Rzayevin çəkdiyi “Biri var idi, biri yox idi” sənədli filmi nümayiş olunub. Filmdə Azərbaycan kinosunun bütün mərhələlərinə nəzər salınır, ayrı-ayrı filmlərdən fraqmentlər göstərilir, həmçinin ümummilli lider Heydər Əliyevin zəngin, mənalı həyat və fəaliyyətini əks etdirən, ulu öndərin kino və mədəniyyət xadimləri, görkəmli yazıçılar və şairlərlə görüşlərindən maraqlı məqamlar əksini tapıb. Diqqətə çatdırılır ki, bu gün Prezident İlham Əliyev tərəfindən milli kino sənətinin inkişafına böyük qayğı göstərilir, dövlət başçısının xüsusi sərəncamı ilə Azərbaycan kinosunun 120 illik yubileyinin qeyd olunması bu qayğının bariz nümunəsidir.

Sonda çıxış edən Adana Böyükşəhər Bələdiyyəsinin sədri Hüseyin Sözlü Azərbaycan kinosunun zəngin nümunələri ilə tanışlıqdan məmnunluğunu ifadə edib. O, əmin olduğunu bildirib ki, Azərbaycan və Türkiyə, bütün sahələrdə olduğu kimi, kino sahəsində də birgə əməkdaşlıqla böyük uğurlar qazanacaq.

Qeyd edək ki, festivalın proqramına Azərbaycan rejissoru İlqar Safatın “İçərişəhər” bədii filminin nümayişi də daxildir.