Naxçıvan şəhərində “İslam filmləri həftəsi” başlanıb. Sentyabrın 24-də keçirilən açılış mərasimində Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək “Naxçıvan – İslam mədəniyyətinin paytaxtı - 2018” ili çərçivəsində qədim diyarda bir sıra tədbirlərin təşkil edildiyini deyib.
Nazir qeyd edib ki, bu gün İslam ölkələrinin mədəniyyətinə, incəsənətinə töhfə verən sahələrdən biri də kino sənətidir. Diqqətə çatdırılıb ki, Naxçıvanda ilk dəfə keçirilən “İslam filmləri həftəsi”ndə ölkəmizlə yanaşı, İranın, Türkiyənin, Özbəkistanın və Tacikistanın filmləri nümayiş etdirilir. Həmin filmlərdə insanı düşündürən məsələlər, onun mənəvi dünyası və həyata baxışı əsas mövzudur.
“İslam filmləri həftəsi”nin proqramına Azərbaycandan rejissorlar Samir Kərimoğlunun “Niyyət”, Elçin Musaoğlunun “Nabat” filmləri, həmçinin müxtəlif beynəlxalq festivallarda mükafatlar almış iranlı rejissor və ssenarist Məcid Məcidinin “Yağış”, məşhur alim və filosof Əbu Əli ibn Sinanın uşaqlıq və gənclik illərindən bəhs edən, Özbəkistan və Tacikistan istehsalı olan “Dahinin gəncliyi”, Türkiyə istehsalı olan, Cəlaləddin Ruminin həyatı və fəlsəfəsini özündə əks etdirən “Eşqin rəqsi” və “Ulak” filmləri daxildir.
Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov çıxış edərək bildirib ki, “İslam mədəniyyətinin paytaxtı” ili ilə əlaqədar keçirilən digər tədbirlər kimi, film həftəsi də İslam mədəniyyətinin təbliğinə öz töhfəsini verəcək.
Sonra rejissor Elçin Musaoğlunun 2014-cü ildə çəkdiyi “Nabat” filmi nümayiş etdirilib. Film Qarabağ müharibəsindən bəhs edir. Ekran əsərində Nabat xala rolunda iranlı aktrisa Fatimə Motamed Ariya çəkilib.