Sentyabrın 23-də Bakı Kitab Mərkəzində görmə qabiliyyəti zəif və görmə qabiliyyəti məhdud uşaqlarla görüş keçirilib. Görüş Bakı Kitab Mərkəzi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlığı sayəsində baş tutub.
Bakı Kitab Mərkəzi ilə ümumi tanışlıqdan sonra uşaqlar görmə əngəlli insanlar üçün nəzərdə tutulan xüsusi guşədə Brayl əlifbası ilə yazılan kitablar və avadanlıqlarla tanış olublar. Görməsi zəif olan uşaqlar böyüdücü monitorlar vasitəsilə kitablardan mətnlər və şeirlər oxuyublar.
Uşaqlara Bakı Kitab Mərkəzi və F.Köçərli adına Respublika Uşaq Kitabxanası adından hədiyyələr təqdim edilib. Tədbirin sonunda uşaqlar mərkəzdə “Ulduzla oxu” layihəsi çərçivəsində tanınmış ifaçı Miri Yusif ilə görüşə də qatılıblar. Müğənninin pərəstişkarları ona yaradıcılığı ilə bağlı suallar verib və birgə mahnı ifa ediblər.