Sentyabrın 22-də Moskvadakı P.İ.Çaykovski adına konsert zalında dahi Azərbaycan bəstəkarı, görkəmli alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti Qara Qarayevin 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirildi.

Mərasim Qara Qarayevin 100 illiyi ilə bağlı Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilmişdi.

Konsert zalının foyesində bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən fotolardan ibarət sərgi nümayiş olunurdu.

Aparıcı yubiley gecəsini açıq elan etdikdən sonra Azərbaycanın Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev, Rusiya Federasiyası mədəniyyət nazirinin müavini Pavel Stepanov və ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu səhnəyə dəvət olundular.

Səfir Polad Bülbüloğlu tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, bu təntənəli gecə Azərbaycanın və Rusiyanın musiqi tarixində bizim mədəniyyətlərimizin, mədəniyyətə münasibətimizin vəhdətinin təsdiqi kimi qalacaq. O, Qara Qarayevin yaradıcılıq irsinin Azərbaycana, Rusiyaya və bütün dünyaya məxsus olduğunu vurğuladı: “Qeyd etmək lazımdır ki, o, Rusiya ilə çox bağlı idi – Moskvada konservatoriyada oxumuşdu, Dmitri Şostakoviçin tələbəsi olmuşdu, SSRİ Bəstəkarlar İttifaqında fəal çalışırdı. Bundan əlavə, SSRİ Ali Sovetinin deputatı kimi də nüfuzlu bir şəxsiyyət idi. Sovet İttifaqında mümkün olan bütün adlara sahib olmuşdu. Lakin bütün bunlarla yanaşı çox təvazökar bir insan idi”.

Səfir çıxışını bu sözlərlə bitirdi: “Neçə illər keçsə də, 120, 150, 200 il sonra da dünya Qara Qarayevin – görkəmli mədəniyyət xadiminin, dünya miqyaslı musiqiçinin yubileyini qeyd edəcək”.

Polad Bülbüloğlu yubiley gecəsinin təşkilatçılarına, eləcə də görkəmli dirijor Rauf Abdullayevin rəhbərliyi ilə konsert proqramını təqdim edəcək orkestrə öz minnətdarlığını bildirdi. 

Daha sonra çıxış edən Rusiya mədəniyyət nazirinin müavini Pavel Stepanov dahi bəstəkarın geniş yaradıcılıq diapazonuna diqqət yetirdi. Qeyd etdi ki, Qara Qarayev həm Azərbaycanın, həm də Rusiyanın musiqi həyatında nadir şəxsiyyətdir. O, yaradıcılığının genişliyi – simfonik musiqisi, baletləri, kiçik həcmli əsərləri, filmlərə, teatr tamaşalarına yazdığı musiqilərlə bu gün də hər kəsi heyran edir. Görkəmli bəstəkar yaradıcılığında müxtəlif xalqlara, müxtəlif zamanlara müraciət edib.

Yubiley gecəsində çıxış edən nazir Əbülfəs Qarayev diqqətə çatdırdı ki, böyük bəstəkar Qara Qarayevin 100 illiyi Azərbaycanda və xarici ölkələrdə müxtəlif tədbirlərlə qeyd edilir. O, Moskvada təşkil olunan konsertin əhəmiyyətindən danışaraq dedi: “Bu musiqi axşamı təkcə Qara Qarayevin 100 illiyi şərəfinə təşkil edilən mərasim deyil, eyni zamanda Azərbaycanın və Rusiyanın tarixində iz qoymuş görkəmli mədəniyyət xadimlərinin xatirəsinə ehtiramın nümunəsidir. Qara Qarayevin xatirəsi Rusiyada hər zaman böyük ehtiramla yad edilir. Moskvada onun adını daşıyan musiqi məktəbi var, bir neçə il öncə barelyefinin açılışı olub. Bu il Rusiyanın böyük şəhərlərində bəstəkarın 100 illiyi ilə bağlı konsertlərin keçirilməsi də onun yaradıcılığına, sənət irsinə, ümumilikdə Azərbaycan musiqisinə və mədəniyyətinə dərin hörmətin göstəricisidir. Bütün bunlar həmçinin Azərbaycanla Rusiya arasında mövcud olan sıx mədəni əlaqələrin təsdiqidir”.

Nazir onu da vurğuladı ki, Qara Qarayevin yaradıcılıq irsi musiqinin, demək olar ki, bütün janrlarını əhatə edir və onun əsərləri dünya musiqi mədəniyyətinin xəzinəsinə daxildir.

Sonra nazir Rusiya-Azərbaycan mədəni əməkdaşlığına toxundu və bildirdi ki, Azərbaycanda elə bir beynəlxalq tədbir olmur ki, orada Rusiya musiqiçiləri iştirak etməsin: “Eyni şəkildə, bizim musiqiçilərimiz Rusiyadakı tədbirlərdə tez-tez qonaq olurlar. Təbii ki, bu gün bizi birləşdirən musiqi mədəniyyətinin möhkəm təməli var”.

Sonra konsert proqramı təqdim olundu. 

İki hissədən ibarət konsertdə görkəmli dirijor, Azərbaycanın Xalq artisti Rauf Abdullayevin idarəsi ilə P.İ.Çaykovski adına Dövlət Akademik Böyük Simfonik Orkestrinin və solist – tanınmış skripkaçı, beynəlxalq müsabiqələr laureatı Alyona Bayevanın ifasında Qara Qarayevin “Don Kixot” simfonik qravürləri, 3 saylı simfoniyası, skripka və orkestr üçün konserti və “İldırımlı yollarla” baletindən 2 saylı süitası səsləndirildi. Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla izlənildi və sürəkli alqışlarla qarşılandı.

Qeyd edək ki, yubiley gecəsinin iştirakçıları arasında tanınmış mədəniyyət xadimləri vardı. Onlar konsert proqramından zəngin təəssüratlarını bölüşüblər.

Mstislav Rostropoviç Fondunun prezidenti, maestronun qızı Olqa Rostropoviç bəstəkarın yüksək insani keyfiyyətlərindən söz açıb: “Qara Qarayev fenomenal bəstəkar və çox gözəl insan idi. Mən onu yaxşı xatırlayıram, o bizim evə gəlirdi, atamla birgə çalışırdı”.

Yubiley axşamının prodüseri Yelena Tverdolyub Qara Qarayevin 100 illiyinin Moskvada qeyd olunmasının əhəmiyyətini bildirərək böyük bəstəkarın yaradıcılığının bəşəri miqyasını vurğulayıb. 

Mehparə SULTANOVA
Moskva