Öncədən deyək ki, Leonardo da Vinçinin “Məxfi axşam” əsəri dünyanın ən məşhur rəngkarlıq əsərlərindən sayılır. Çoxları Milandakı (İtaliya) Santa-Mariya Delle Qrasiya kilsəsinin divarını bəzəyən bu sənət incisini İsa peyğəmbərin və tələbələrinin bir araya gəlməsinin təsviri kimi qəbul edir. Amma əslində onun görünən və görünməyən tərəfləri kifayət qədərdir. Odur ki, bu yazıda bütün yaradıcılığı nəinki sənətsevərdə, ən məşhur rəssamlarda belə təəccüb və həsəd hisləri oyadan dahi Leonardo da Vinçinin (1452-1519) “Məxfi axşam”ının sirlərinə aydınlıq gətirməyə çalışacağıq...
“Məxfi axşam” (1496-1498) “Mona Liza” ilə yanaşı Leonardo da Vinçinin ən məşhur və suallı əsərlərindəndir. İntibah dövrünün dahi sənətkarı bu əsərin timsalında elə bir sənət incisi yaratmağa nail olmuşdur ki, burada yaradıcı başlanğıc, bədii istedad və müəllif intellekti, eləcə də tətbiq olunan texniki yeniliklər İncil epizodlarından birində yaşanan dramatizmi daha dolğun tutumda ifadə etməyə imkan vermişdir. Eyni zamanda Leonardo da Vinçi bu əsərində xristianlığın sirr qatına bələnmiş bir çox həqiqətlərinin mənasını arif adamların duya və dəyərləndirə biləcəyi bədii tutumda təqdim etməklə onu bu günə kimi davam edən mükalimə obyektinə çevirmişdir. Beləliklə, əsər zamanına görə çox cəsarətli dini rəngkarlıq nümunəsi yaratmaq cəhdi hesab olunmaqla həm də qnostik (hamının başa düşə bilmədiyi dini sirlərin dərki) İncildən və müqəddəs Qraal (piyalə, badə; İsa peyğəmbərin Məxfi axşamda həmin əşyadan istifadə etdiyi bildirilir) haqqında əfsanədən ilhamlanaraq ərsəyə gətirilmiş çox sirli bir yaradıcılıq nümunəsidir...
Əsərin süjeti üçün Leonardo da Vinçi İsanın peyğəmbərcəsinə öz tələbələrinə müraciətlə “Sizlərdən biriniz məni ələ verəcək!” kəlamını səsləndirdiyi məqamı seçib. Rəssamın təqdimatında Xilaskar çox üzgün, lakin sakit görünür, əksinə, onu əhatələmiş on iki həvarinin durumunda təəccüb, inamsızlıq, ağrı və qorxu hiss olunmaqdadır. Ziyafət masası arxasında sıralanaraq oturmuş həvarilərdən fərqli olaraq səsləndirdiyi sözlə məclisdəkilərin üzərinə şübhə-qorxu toxumu səpən İsanın işıqlı pəncərə fonundakı fiquru xüsusi aydınlığı ilə seçilir.
Təsvirin bu gün istər-istəməz tamaşaçı diqqətini cəlb edən, zamanında isə yəqin ki, onu görənlərin narazılığına səbəb ola biləcək məsələ müqəddəslərin başının üzərində onların tanınma-fərqlənmə nişanı kimi qəbul olunan halələrin tamamilə yoxluğudur. Nə İsa peyğəmbər, nə də on iki həvari bu qızılı rəngli haləyə malik deyillər və bu dolayısı ilə dini rəngkarlığın kanonlarına hörmətsizlik sayılır. Bir qədər diqqətlə baxdıqda biz məşhur Qraalın və yaxud da yevxaristiya (xristianlıqda bu sirr məcmusu kimi qəbul olunur) badəsinin də yoxluğunu üzə çıxarırıq. Hadisənin baş verdiyi məkanda – nə İsanın açıq əllərində, nə tələbələrində, nə də ki, döşəmədə onu görmürük. Hər iki halda rəssam səhvindən söz getmədiyi birmənalıdır. Odur ki, bu, əksər əsərlərində detalların-ayrıntıların çəkilişində maniakal (hissiyyatlı) dəqiqlik nümayiş etdirən rəssamın yalnız məqsədyönlü sayğısızlığının ifadəsi ola bilərdi...
Əsərə verilən şərhlərin əksəriyyətində bu, İsanın ilahi varlığına, həvarilərin isə müqəddəsliyinə inanmayan və adətən dini ayinlərin icrasına getməyən rəssamın etirazı kimi qəbul olunur. Onun Qraalındakının da qana çevrilmiş şərab yox, yevseylərdən – ilk Misir xristianlarından qnostiklərə və katarlara (irq nəzərdə tutulur) ötürülən əsas hermetik – fiqurlu sirr daşıyıcısı olmuşdur. Bu qabarıq görünən faktlardan əlavə əsərdə axirətlə bağlı bir çox işarə və rəmzləri də müşahidə etmək mümkündür.
Əsər üfüqi istiqamətdə kifayət qədər uzundur, belə ki, əvvəlcədən onun Milandakı Santa Mariya Della Qrasiya monastırı yeməkxanasının bütün divarını tutması nəzərdə tutulmuşdu. Kompozisiyada İsanın üçbucaq formalı siluetindən hər tərəfdə üç nəfərdən ibarət iki həvari qrupu yerləşdirilib. İsanın indicə səsləndirdiyi gözlənilməz müraciət onları çıxılmaz vəziyyətə saldığından, bu “üçlüklər”in çöhrələrində gizli ekzoterik (sirli ifadələr məcmusu) mənanın mövcudluğunu sezmək olar...
Əgər əsəri sağdan sola “oxumağa” başlasaq, onda biz eşitdiklərini çaşqınlıqla müzakirə edən Simonu, İuda Faddeyi və Matfeyi görə bilərik. Tədqiqatçılar Leonardonun İuda Faddeyin simasında özünü təsvir etdiyi qənaətindədirlər. Bundan əlavə, rəssam özünü arxası müəlliminə tərəf vəziyyətdə təsvir etməklə yanaşı, qatı eretik (dönük) – fərqli dini təlimə üstünlük verən Matfeyi də oxşar pozada təqdim etmişdir. Hər ikisinin duruşunda “O, niyə belə danışır?” sualını oxumaq mümkündür. Simonun özü də elə bil ki, eşitdiyini başa düşmək iqtidarında deyil...
Növbəti qrupu qnostik İncillərdən birinin müəllifi Filipp, təəccüblənmiş Böyük İakovu və baş barmağını hermetik hərəkətlə yuxarı qaldıran və “inamsız” ayaması ilə tanınan Foma təşkil edir. Maraqlıdır ki, İsanın sağındakı altı tələbədən yalnız Filipp diqqətlə müəlliminə baxır.
İsadan soldakı qrup Varfolomey, Kiçik İakov və Andreydən ibarətdir. Onların üçü də bundan əvvəl yaradılmış “Məxfi axşam”lardakı kimi təəccüblənmiş vəziyyətdədirlər. Amma Leonardonun başlıca sirri gənc İakovun obrazında ifadə olunub. Onun saçları, profildən görünüşü və ibadət libası Xilaskarın dəqiqliklə verilmiş surətidir. Görəsən, niyə Leonardo “Məxfi axşam”ın masası arxasında İsanın oxşarını təsvir etmişdir? Ekspertlərin çoxu bu təsvirin bir çox dini mənbələrdə adı çəkilən – İsanın əkiz qardaşına və yaxud da kiçik qardaşına aid olduğu qənaətindədirlər. Əlavə edək ki, Xilaskarın oxşarının bir çox hallarda onu insanlarla görüşlərdə əvəz etdiyi və çarmıxa da elə onun çəkildiyi barədə rəvayətlər mövcuddur...
Simonla İsa arasındakı növbəti üç fiqur, Leonardonun qənaətincə, özündə xristian hermetizminin (forma və rəmzlərlə ifadə vasitəsi) açar rəmzlərini ehtiva edir. Bu, İuda İskariot, Pyotr və İohanndır. Bəzi şərhçilər sonuncunun - İsanın “sevimli tələbəsi”nin təsvirində Leonardonun başqa qadın obrazlarında gördüyümüz tipik qadın cizgilərinin mövcudluğunu vurğulayırlar. Doğrudan da, bu qənaət həqiqətə çox bənzəyir. Onun dərisinin qalan personajlara nisbətən daha ağ olduğu da görünəndir, amma nüfuzlu tarixi mənbələrə əsaslansaq, o, həyatda gənc və hissiyyatlı olsa da, qadınabənzər olmayıb. Bununla belə, indiki halda İsaya daha yaxın – onun sağ tərəfindəki imtiyazlı yerdə bu məqamın sahibi sayılan – həvarilərin başçısı Pyotrun əvəzinə İohannın təsvir olunmasına izahat vermək çətindir...
Əgər razılaşsaq ki, əsərdə gördüyümüz İohann yox, qadındır, onda təbii olaraq “O kimdir?” sualı ortaya çıxır. Həvarilər arasında qadın yoxdu, bu mənada onların arasından şərəfli yerdə oturan əks cinsin nümayəndəsi İsaya çox yaxın adam olmalıydı. Əgər qadının çox cavan olmasını nəzərə alsaq, onda onun İsanın anası olmadığını söyləmək olar. Din tarixinin görünməyən qatlarına bələdçiliyi ilə tanınanlar onun Mariya Maqdalina olduğu qənaətindədirlər...
Elə həmin bu qrupun qərarlaşdığı məkanda da “Məxfi axşam”ın ən faciəvi və rəmzi hadisəsi cərəyan edir. Əslində, hər şey bizim gözümüzün qarşısında baş versə də, çox vaxt onu – görünməli olanı görmürlər. Belə ki, rəssam təqdimatında sanki çöhrəsi hədələyici görkəm alan Pyotrun sol əli onun – qadının boğazını üzməyə hazırlaşır. O, sağ əlindəki bıçağı İudanın kürəyi arxasında gizlətmişdir. Bu mənada hər hansı hazırlıqsız tamaşaçının belə həmin personajın simasında cinayət törədərkən yaxalanmış canini görməsini yəqin ki, təbii saymaq olardı. Amma zamanında nə əsərin sifarişçisi Lodoviko Moro, hər yerə əli çatan inkvizisiya, nə də ki, monastırın rahibləri bu səhnədə qıcıqdoğurası heç nə görməmişdilər. Bəlkə də heç kimin nəsə deməyə cəsarəti çatmamışdı. Amma yəqin ki, Leonardo da Vinçi öz yüksək rəngkarlıq istedadından istifadə edib görünənləri görünməz etmişdi.
Pyotrun hədələyici sol əli onun çiyninə söykənmiş Kiçik İakovun sol əlinin arxasında görünməz vəziyyətdədir. İsaya yönəlmiş hər iki şəhadət barmağının hərəkətində “təqsirsizlik” duyulsa da, əslində, Pyotr bıçağı Mariyanın boğazına sancmaq istəyir, İsanın oxşarı isə bu əli tutmağa çalışır. Silahı tutan əlin vəziyyəti o qədər də təbii görünmür, o sanki göydən asılmış kimidir və elə bil ki, İudanın arxasında gizlənmiş digər bir adama məxsusdur. Burada masanı örtən süfrənin fonunda itən kiçik bıçağın təsvir edilməsini Leonardonun tamamlayıcı bədii əlavəsi hesab etmək olar.
Həvarilərin liderinin Mariya Maqdalinanı öldürmək istəyi nədən qaynaqlana bilərdi? Yəqin ki, bir çox hallarda olduğu kimi mövqe-hakimiyyət uğrunda mübarizə bu dəfə də belə cinayətin kökündə dura bilərdi. Əslində, Xilaskarın “Sizlərdən biriniz məni ələ verəcək!” deyimi, həm də onun mühakimə olunacağını və ölümə və yaxud da ömürlük həbs cəzasına məhkum ediləcəyini dilə gətirməsi idi. Bunun baş verəcəyi halda kimsə onun varisi olmalıydı. Məntiqlə bu, həvarilərin birincisi – Xristian kilsəsinin əsasını qoyacaq Pyotr olmalıydı. Amma bununla belə İsa peyğəmbər Mariya Maqdalinanı şam süfrəsinə gətirir və onu özündən sağda otuzdurur. Bununla da o, onun varisinin kim olacağına işarə vurur. Bəlkə də bu qərarın bir az əvvəl açıq şəkildə elan olunması Pyotru küsdürmüş və özündən çıxarmışdı. Bir çox dini qaynaqlarda Pyotrla Mariyanın Xilaskarın ən yaxını olmaq uğrunda mübarizəsinin düşmənçiliyə gətirib çıxardığı bildirilir. Leonardonun həvarinin öldürməyə hazır olmasını əsərə daxil etməsi, haradasa rəmzi məna daşısa da, bəlkə də o, bununla ariflərə “Məxfi axşam”ın qnostisizm ruhunda həll olunduğunu göstərmək istəmişdir...
Rəssamın əsərdəki ən sirli və transsendent – dərk edilə bilməyən rəmzini görməmək mümkün deyil: bu, kompozisiyaya daxil edilmiş boş məkandır. İsanın açılmış əllərinin və başının təşkil etdiyi “üçbucaqla” yanaşı, Xilaskarın və Mariya Maqdalinanın qollarından yaranmış daha bir “çevrilmiş üçbucağ”ın mövcudluğunu da görmək mümkündür. Bu üçbucağın yuxarı – pəncərələrə doğru yüksələn davamındakı boşluğu qədəhə və yaxud badəyə bənzətmək mümkündür. Dini sirlərdən xəbər verən mənbələrdə həmin zahiri “boşluğu” məhz badəyə bənzədirlər. Əslində, bu qeyri-material, cismani olmayan badə olmaqla, masanın üzərində olmayan Qraalı əvəz edir. Bu həm də Mariya Maqdalinanın İsa peyğəmbər tərəfindən işıqlandırılan bətninin rəmzi təsviridir. Leonardonun bu şifrələnmiş müraciəti onun ezoterik (sirli məzmun) bilgilər məcmusuna bağlılığını göstərir. Bunu onun Xilaskara arxa çevrilmiş vəziyyətdə təsvir olunmuş avtoportreti, yuxarıda haqqında söz açdığımız İsanın oxşarı, Fomanın rəmzi jest-hərəkəti, Pyotrun Mariya Maqdalinaya təhlükə yaradan pozası da təsdiqləyir.
Yekun olaraq demək olar ki, İntibah dövrünün dahi sənətkarının bu şifrələnmiş sənət incisi əslində onun proqram xarakterli əsəri sayılır. Belə ki, İsa-insanın, onun qardaşının və sevgilisinin həvari simasında “gizlədilməsi”, özünün isə Xilaskara arxa çevirmiş vəziyyətdə təsviri zamanına görə çox cəsarətli yaradıcı addım olmuşdur.
Bütün dediklərimiz əsərin öz-özlüyündə eretiklərin (dönüklərin) “kataxizisi” (katolik inamı) kimi qəbulunu şərtləndirir və bu da müəllifin hermetik biliklərə bələd olduğuna şübhə yeri qoymur. Odur ki, dahi Leonardo da Vinçinin “Məxfi axşam”ı xristian dinində fərqli düşünmə tərzinin mövcudluğunu təsdiqləyən freska kimi yüksək dəyərləndirilir...
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi