Azərbaycanda ilk dəfə dahi şair-mütəfəkkirə həsr olunmuş şeir, incəsənət və mənəviyyat festivalı keçirilir

Sentyabrın 27-də Azərbaycanda ilk dəfə olaraq Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalına start verilib.

Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən festivalın ideya müəllifi Fondun vitse-prezidenti Leyla Əliyevadır. Möhtəşəm söz-sənət bayramı dahi sənətkarın doğulduğu Şamaxı şəhərindən start götürüb və dörd gün davam edəcək.

 

“Zərrə mənəm, günəş mənəm...”

 

Festivalın birinci günü Şamaxıda İmadəddin Nəsiminin (1369-1417) büstü önündə şeir-musiqi məclisi təşkil olunub. Nəsiminin fəlsəfi baxışlarını əks etdirən “Simadan asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm...” şüarları ilə təşkil olunan mərasimdə Azərbaycanın tanınmış alimləri, yazıçı və şairləri, mədəniyyət və incəsənət xadimləri, xarici ölkələrdən, o cümlədən Rusiyadan, Çindən, ərəb ölkələrindən gələn qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Şamaxının qədim tarixi, böyük sənətkarları barədə danışıb, dahi mütəfəkkir İmadəddin Nəsiminin ədəbi yaradıcılığından, fəlsəfi baxışlarından bəhs edib. Vurğulayıb ki, Nəsiminin adı Azərbaycan xalqı üçün həmişə iftixar mənbəyi olacaq.

Sonra söz musiqiçilərə verilib. Xalq artisti Alim Qasımovun ifasında səslənən muğamlar iştirakçılarda Nəsimi dünyasının möcüzələrini yaşadıb.

Daha sonra festivalın iştirakçıları İmadəddin Nəsiminin qardaşı Şaxəndanın, habelə görkəmli şair Seyid Əzim Şirvaninin dəfn olunduqları Şaxəndan qəbiristanlığını ziyarət ediblər. Hələbdən gələn, İmadəddin Nəsiminin nəslindən olan Məhəmməd Nəsimi burada böyük şair və mütəfəkkirin qəbiri üzərində dua oxuyub. O, bu anı ona bəxş edən festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib.

 

Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində yeni ekspozisiya

 

Sentyabrın 27-də Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin yeni ekspozisiyasının açılış mərasimi keçirilib.

Qonaqlar xoş musiqi, rəqs qrupunun çıxışları ilə qarşılanıb.

Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev tədbir iştirakçılarını salamlayaraq, muzeydə Azərbaycanın qədim, orta əsrlər və müasir tarixinə dair zəngin eksponatların olduğunu diqqətə çatdırıb.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin, ümumilikdə bütün muzeylərimizin yeni eksponatlar hesabına daha da zənginləşdiyini bildirib, bu sahədə Heydər Əliyev Fondunun xidmətlərini vurğulayıb.

Sonra qonaqlara yeni ekspozisiya barədə məlumat verilib.

Bildirilib ki, dünya muzey standartları əsasında hazırlanan bu informativ ekspozisiya tarixi ardıcıllıqla, o cümlədən elektron vasitələrdən istifadə edilməklə, Azərbaycan və ingilis dillərində təqdim olunur. Hazırda muzeyin yeddi mindən çox eksponatı var və ekspozisiyada Şamaxının ən qədim dövrlərdən başlayaraq son zamana qədər olan tarixi, arxeoloji tapıntı nümunələri və maddi mədəniyyət abidələri, eləcə də etnoqrafik, epiqrafik və numizmatika nümunələri nümayiş edilir.

Heydər Əliyev Fondunun Şamaxını təsvir edən XVII əsrə aid üç ədəd qravüra hədiyyə etməsi muzey üçün əlamətdar hadisədir. Onlar Avropa ölkələrindən əldə edilərək Azərbaycana gətirilib. Qravüralar məşhur alman səyyah və coğrafiyaçı Adam Oleariyə (1603-1671), niderlandlı səyyah Yan Jansen Streysə (1630-1694) və niderlandlı kitab naşiri Olfert Dapperə məxsusdur.

Sonra ekspozisiya ilə tanışlıq olub.

* * *

Sentyabrın 28-də festival Bakıda davam edəcək. “ADA” Universitetində Nəsimi yaradıcılığına dair plenar müzakirə keçiriləcək. “Türkdilli mistik poeziyanın və fəlsəfənin inkişafında Nəsiminin rolu» mövzusunda tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Rusiya, Türkiyə və İrandan tanınmış tədqiqatçılar, türkoloqlar, nəsimişünaslar iştirak edəcəklər.

Həmçinin Azərbaycan Xalça Muzeyində muzeyə hədiyyə olunmuş XVII əsrə aid “Naxçıvan” və XIX əsrə aid Qubanın “Hacıqayıb” xalçalarının təqdimatı olacaq. XVII əsrə aid “Naxçıvan” xalçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəyə qaytarılaraq muzeyin kolleksiyasının incisinə çevrilib.

Heydər Əliyev Mərkəzində almaniyalı alim, tanınmış nəsimişünas Mixael Hessin (Michael Hess) “Nəsimi dühası müasir kontekslərdə” mövzusunda mühazirəsi olacaq.

Daha sonra Heydər Əliyev Mərkəzində “Live Life” (“Canlı həyat”), “Hürufilik: incəsənət və identiklik” sərgilərinin və Brayn İnonun “77 milyon rəsm” musiqi və video-art instalyasiyasının təqdimatı olacaq.

Ardınca Heydər Əliyev Mərkəzində Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının təntənəli açılış mərasimi keçiriləcək.