Sentyabrın 26-sı Azərbaycan professional vokal sənətinin banisi, görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün (1897-1961) xatirə günü idi.

Həmin gün mədəniyyət naziri Əbülfəs Qarayev, nazir müavini Sevda Məmmədəliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, xalq yazıçıları Anar, Elçin, mədəniyyət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri Fəxri xiyabanda sənətkarın məzarını ziyarət etdilər. Mərasim iştirakçıları Bülbülün məzarı üstünə tər çiçək dəstələri qoyaraq xatirəsini hörmətlə yad etdilər.

Sənətkarın oğlu, tanınmış bəstəkar və müğənni, Xalq artisti Polad Bülbüloğlu atasının xatirəsinə göstərilən ehtirama görə hər kəsə minnətdarlığını bildirdi. Qeyd etdi ki, Bülbülün vəfatından illər ötsə də, onun adı xalqın qəlbində yaşayır, səsi və sənəti sevilir. Azərbaycan dövləti Bülbül sənətinə hər zaman yüksək qiymət verib, sənətkarın xatirəsi əbədiləşdirilib, Bakıda abidəsi ucaldılıb.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək görkəmli sənətkarın yaradıcılıq yoluna nəzər saldı. Bildirdi ki, Bülbül öz bənzərsiz ifası ilə musiqimizin daha da zənginləşməsinə böyük töhfələr verib: “Onun yaradıcılığı, ifaçılıq sənəti dünyanın müxtəlif ölkələrində sevilərək dinlənilib. Bülbül böyük vətənpərvər idi. O, Azərbaycanı, Qarabağı, Şuşanı böyük məhəbbətlə sevirdi. Onun obrazı gözümüzün qarşısında bir qəhrəman kimi canlanır, səhnədə yaratdığı əfsanəvi qəhrəman Koroğlunu xatırladır”.

Nazir qeyd etdi ki, Azərbaycan professional musiqi sənətinin inkişafında böyük xidmətlər göstərmiş Bülbülün xatirəsi bundan sonra da xalqımız tərəfindən daim əziz tutulacaq, hörmətlə yad olunacaq.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli Bülbüllə bağlı xatirələrini bölüşdü, onun yüksək sənətkarlıq məharətindən danışaraq Azərbaycan musiqi sənətində əvəzsiz şəxsiyyətlərdən biri olduğunu diqqətə çatdırdı.

Qeyd edək ki, SSRİ Xalq artisti Bülbül 1897-ci il iyunun 22-də Şuşada anadan olub. Xalq mahnıları və romansların (“Sənsiz”, “Sevgili canan” - Ü.Hacıbəyli, “Ölkəm” - A.Zeynallı və s.), operalarda (“Koroğlu”, “Əsli və Kərəm”) baş partiyaların unudulmaz ifaçısı olub. 1931-ci ildə Milan Konservatoriyasını bitirib. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub, xalq musiqisini öyrənən elmi tədqiqat kabinetini yaradıb. 1961-ci il 26 sentyabr tarixində vəfat edib.

Fariz HÜSEYNOV