Sentyabrın 22-də “Kapellhaus” Almaniya-Azərbaycan Mədəniyyət Cəmiyyətində “Jerikonun gəmi qəzasına qayıdış. Qaçqınlar və miqrantlar haqqında” sərgisinin açılışı olub. Layihə Bakıdakı Höte İnstitutu (“Goethe-Zentrum Baku”) tərəfindən hazırlanıb.

Sərgi bədii vasitələrin köməyi və problemə poetik yanaşma tərzi əsasında miqrasiya mövzusunu təfərrüatı ilə təqdim edir.

Braziliyalı rəssam Arcan Martinsin əsərlərində Atlantik okeanında quldarlıq marşrutlarının tarixinə nəzər salınır.

Sitarə İbrahimovanın “Dondurulmuş münaqişə” fotosənədli layihəsi Dağlıq Qarabağ münaqişəsinin gərgin vaxtlarında Kərkənc (Şamaxı) və Qızıl Şəfəq (Ermənistan) kəndləri sakinlərinin evlərini dəyişməsinin tarixçəsinə həsr olunub.

Rəssamlar Adad Xanna (Kanada) və Marsel Odenbaxın (Almaniya) videomateriallarında Teodor Jerikonun məşhur “Meduzanın salı” əsərinə istinad edilir. Bu tabloda fransız hərbi-dəniz freqatının indiki Mavritaniya sahillərində qəzaya uğramasından sonrakı anlar təsvir olunub.

Seneqallı Ömər Viktor Diopanın fotoportretləri Afrika və Şimali Amerikada azadlıq hərəkatının tarixinə həsr olunub.

Sərgi noyabrın 18-dək davam edəcək.