Muxtar Dadaşovun 100 illik yubileyi qeyd edildi
İyunun 28-də Dövlət Film Fondunda görkəmli kinooperator və kinorejissor, Xalq artisti, Dövlət mükafatı laureatı Muxtar Dadaşovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkil etdiyi tədbirin iştirakçıları əvvəlcə sənətkarın ömür və yaradıcılıq yolunu əks etdirən fotosərgi ilə tanış oldular.
Mərasimi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq bildirdi ki, Muxtar Dadaşov böyük sənətkar olmaqla bərabər, həm də xeyirxah, təvazökar insan idi. O, istedadlı operator kimi Azərbaycan kinosuna böyük töhfələr verib. Tamaşaçılar onun lentə aldığı “Kəndlilər”, “Arşın mal alan” (1945) filmlərinə bu gün də böyük həvəslə baxırlar.
Cəmil Quliyev bir maraqlı məlumatı da diqqətə çatdırdı ki, Muxtar Dadaşovun operatoru olduğu “Arşın mal alan” filmi Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırda ABŞ-da rəngli formada bərpa olunur. Dövlət Film Fondundan göndərilən nüsxə orada xüsusi elektron varianta keçirilib, hazırda üzərində iş gedir. Ekran əsərinin kinolentində, “blu-ray” və “DSP” formatlarında da bərpası həyata keçirilib. Yaxın günlərdə film Kannda, “Debyüssi” kinozalında nümayiş olunacaq.
Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə görkəmli sənətkarın həyat və yaradıcılığından söz açdı. Bildirdi ki, milli kinomuzun inkişafında silinməz iz qoyan Muxtar Baba oğlu Dadaşov maraqlı və mənalı həyat yolu keçib. Onun böyük sənətdə yolu Milli Dram Teatrının səhnəsindən başlanır. 1929-cu ildə Gənc Tamaşaçılar Teatrına işə qəbul olunur, tamaşalarda epizodik rollar oynayır. Sonra rejissor assistenti kimi çıxış edir.
Kinoya hədsiz marağı onu 1931-ci ildə Bakı kinostudiyasına gətirir, operator assistenti kimi sənədli və bədii filmlərin çəkilməsində iştirak edir. 1933-cü ildə operator kimi təcrübəsini artırmaq üçün Moskvaya göndərilir. Orada görkəmli kinematoqrafçı M.Vernerin yanında çalışır. Sənətdə müəyyən təcrübə topladıqdan sonra Bakıya qayıdır. Bir müddət kinostudiyada operator kimi sənədli filmlər çəkir. Öz aktuallığı ilə seçilən bu ekran əsərlərində dövrün çox mühüm ictimai-siyasi hadisələri öz əksini tapırdı.
1939-cu ildə o, rejissor-operator kimi “Samur-Dəvəçi kanalı” kinooçerkini çəkir. Bu, çox məsuliyyət tələb edən bir film idi. Çünki böyük tikintidə çalışan insanların gərgin əməyi, quruculuq əzmi böyük ustalıqla ekrana gətirilməli idi. O, bu tapşırığın öhdəsindən bacarıqla gəlir. Muxtar Dadaşovun “Sovet Azərbaycanı”, “Bizim Azərbaycan”, “Ana yurdum, Azərbaycan”, “Arazın o tayında”, “Səadət yolu ilə”, “Respublika haqqında həqiqət” və s. sənədli filmlərində doğma torpağa məhəbbət, ölkəmizin əsrarəngiz təbiəti, tarixi şəxsiyyətlərimiz haqqında həqiqətlər ecazkar kinonun dili ilə tərənnüm olunur. Sənətkarın 1950-ci ildə çəkdiyi “Sovet Azərbaycanı” sənədli filmi Kann kinofestivalında elmi-kütləvi və pedaqoji filmlərə görə münsiflər heyətinin xüsusi mükafatını qazanır.
O, özünü sənətdə təsdiq etdikcə yeni-yeni ekran əsərlərinin, o cümlədən bədii filmlərin çəkilişi ona tapşırılır. Muxtar Dadaşov “Rəqs edən bağalar”, “Kəndlilər”, “Yeni horizont”, “Arşın mal alan” (1945) bədii filmlərinin operatoru, “Qanun naminə”, “Bakıda küləklər əsir” bədii filmlərinin quruluşçu rejissoru olub.
Onun yaradıcılığı Azərbaycan kinosunun 50 ildən artıq bir dövrünü əhatə edir. Ekran əsərləri dünyanın bir sıra ölkələrində böyük maraqla qarşılanıb. Görkəmli sənətkarın gərgin və yaradıcı əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. O, Xalq artisti fəxri adına və müstəqil Azərbaycanın “Şöhrət” ordeninə layiq görülüb. Dövlət mükafatı laureatı olub. Milli kinomuzun inkişafında silinməz iz qoyan Muxtar Dadaşov 1998-ci ildə dünyasını dəyişib.
Tədbirdə Muxtar Dadaşovun quruluş verdiyi və operatoru olduğu filmlərdən fraqmentlər göstərildi.
Sonda sənətkarın oğlu Tofiq Dadaşov çıxış edərək atasının xatirəsinin yad edildiyinə görə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun rəhbərliyinə, tədbir iştirakçılarına minnətdarlığını bildirdi.
Savalan Fərəcov