Belarusun paytaxtı Minskdə “Bakı Bulvarı” devizi altında Azərbaycan musiqi və mədəniyyəti festivalı keçirilib. Belarus Azərbaycan İcmaları Konqresinin və şəhər meriyasının təşkilatçılığı, bu ölkədəki səfirliyimizin və “Azərbaycan Ticarət Evi”nin dəstəyi ilə reallaşan tədbirdə xalqımızın adət-ənənələri, mədəniyyəti nümayiş etdirilib.
Festivalın açılışında meriyanın Mədəniyyət departamentinin rəhbəri Vitalina Rudzikova, Azərbaycanın Belarusdakı səfirliyinin müşaviri Zülfüqar Tanrıverdiyev, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Elçin Soltanov, Belarus Azərbaycan İcmaları Konqresinin sədr müavini Vüqar Yusifov çıxış edərək iki ölkə arasındakı tarixi dostluq əlaqələrindən söz açıblar.
V.Rudzikova deyib: “Bu il üçüncü ildir ki, şəhərimizin sakinləri böyük məmnuniyyətlə Azərbaycan xalqının milli adət-ənənələri, zəngin mədəniyyəti və musiqi inciləri ilə tanış olurlar. Milli mətbəxiniz, ölkənizdə istehsal olunan məsulların sərgisi, xüsusən də Bakıdan gəlmiş müğənnilərin rəngarəng konsert proqramları böyük maraq və coşqu ilə qarşılanır. Əminəm ki, bayram tədbiri Azərbaycanla Belarus arasındakı dostluq və qardaşlıq əlaqələrinin növbəti təntənəsi kimi tarixə yazılacaq”.
Belarusun telekanalları və media qurumları “Bakı Bulvarı” festivalından reportajlar yayımlayıblar. Tədbirə gələnlər Azərbaycanın milli yeməklərindən dadıblar.