“Gələn ilin may ayında Bakıda keçiriləcək növbəti Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlaşırıq”. UNESCO-nun Mədəniyyətlərarası dialoq bölməsinin rəhbəri Belinda Preiss bu barədə “Report.az”a açıqlamasında bildirib.
O qeyd edib ki, Azərbaycanın təşəbbüskarı və yaradıcısı olduğu UNESCO-nun mədəniyyətlərarası dialoq e-platforması bu gün uğurla fəaliyyət göstərir: “Azərbaycanın irəli sürdüyü platforma bu gün UNESCO-nun ən çox istifadə edilən platformasıdır. Bu platforma dünyanın hər yerindən uğurlu təcrübələri bir araya gətirməklə xalqlar arasında körpü yaratmağa xidmət edir”.
B.Preiss əlavə edib ki, biz UNESCO çərçivəsində üzv dövlətlərlə birlikdə mədəniyyətlərarası dialoqun daha da inkişaf etdirilməsi yollarını araşdırırıq. Onun sözlərinə görə, Bakıda keçiriləcək növbəti Dünya Mədəniyyətlərarası Dialoq Forumunda təşkilati məsələlərlə bağlı da yeniliklər olacaq: “Azərbaycanın müəllifi olduğu bu qlobal əhəmiyyət daşıyan mövzunun çiçəklənməsi üçün UNESCO-nun bütün üzvləri ilə birlikdə səfərbər olmuşuq”.
Dünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü çərçivəsində 2011-ci ildən etibarən iki ildən bir keçirilir. Forum BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO kimi qurumlar tərəfindən dəstəklənir.