Qara Qarayevin ev-muzeyinin açılış mərasimi keçirildi

Oktyabrın 1-də dahi bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin Bakı şəhərində ev-muzeyinin açılış mərasimi keçirildi. Mərasimdə Baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, eləcə də bəstəkarın ailə üzvləri iştirak edirdilər.

Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev bildirdi ki, 1 oktyabr – Beynəlxalq musiqi günü münasibətilə müxtəlif ölkələrdə rəngarəng tədbirlər keçirilir. Belə bir əlamətdar gündə Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayevin ev-muzeyinin açılması onun yaradıcılığına, ümumilikdə musiqi sənətimizə diqqətin göstəricisidir.

Nazir vurğuladı ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq bu il Qara Qarayevin 100 illik yubileyi qeyd olunur. Nəinki Azərbaycanda, eləcə də dünyanın müxtəlif şəhərlərində keçirilən yubiley tədbirləri musiqisevərlər tərəfindən böyük rəğbətlə qarşılanır. Qeyd olundu ki, bu evdə bəstəkarın valideynləri yaşayıb, onun gənclik, tələbəlik illəri bu məkanda keçib. Qara Qarayev ilk əsərlərini, həmçinin məşhur “Yeddi gözəl” baletini bu evdə yazıb. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin tərkibində yaradılan ev-muzey musiqi sənətimizin təbliğinə öz töhfəsini verəcək. Görkəmli musiqiçilərimizin ev-muzeylərinin fəaliyyəti dövlətimiz tərəfindən onların yaradıcılığına, eyni zamanda musiqi sənətimizə verilən yüksək dəyərin nümunəsidir”.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə də incəsənət xadimlərinin ev-muzeylərinin yaradılmasını təqdirlə qeyd etdi. Bildirdi ki, Qara Qarayevin gənclik illərini keçirdiyi bu yaradıcılıq ocağı sənət üçün müqəddəs məkandır: “Burada böyük bəstəkar sənətə doğru uzanan yolda ilk addımlarını atıb. Onun tələbələri belə böyük bir bəstəkardan dərs aldıqları üçün fəxr edirlər. Ondan yalnız bəstəkarlıq deyil, mənəviyyat dərsi alıblar. Qara müəllim çox təvazökar, ziyalı insan idi. Ölkəmizi dünya miqyasında şərəflə təmsil edən dahi bəstəkar öz tələbələrinin xatirəsində həmişə yaşayır”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar böyük bəstəkarı həm keçmişin, həm də gələcəyin sənətkarı adlandırdı: “Qara Qarayev dünyada Azərbaycan musiqisinin elçisi idi. Onun bu evdə qələmə aldığı “Yeddi gözəl” baleti və başqa əsərləri bir çox ölkələrdə səsləndirilib, Azərbaycan musiqisini tanıdıb. Eyni zamanda onun əsərlərində müxtəlif ölkələrin musiqi motivləri duyulurdu”.

 

Nizami 47 ünvanında sənət məkanı

 

Çıxışlardan sonra ev-muzeyin açılışı oldu. Bəstəkarın qızı, tanınmış pianoçu Züleyxa Qarayeva-Bağırova qonaqları mədəniyyət ocağı ilə tanış etdi.

Bakının qədim küçələrindən birində, Nizami 47 ünvanında yerləşən mənzil-muzeydə bəstəkarın ömür yolu, yaradıcılığının səhifələrini özündə cəm edən maraqlı və zəngin kolleksiya yaradılıb. Burada ümumilikdə 300-ə yaxın eksponat nümayiş olunur. Bəstəkarın uşaqlıq və gənclik illərindən fotoşəkillər, əsərlərinin premyerasının afişaları, şəxsi əşyaları, notlar, teatr tamaşalarına yazdığı musiqilərin not yazıları və tamaşalardan fotolar, musiqi bəstələdiyi filmlərlə bağlı məlumatlar, səfərlərini əks etdirən fotolar və s. təqdim edilir.

Muzeyin fərqli dekorasiyası var. Divarlarda bəstəkarın balet qəhrəmanlarının eskizləri və onlar haqqında məlumatlar yer alıb. Diqqətçəkən məqamlardan biri də Q.Qarayevin müraciət etdiyi musiqi janrlarının ayrılıqda təqdim edilməsidir ki, bu da muzeyə gələn ziyarətçinin bəstəkarın yaradıcılığı barədə dolğun bilgi almasına xidmət edir. Muzeydə Qarayevlər nəslinin şəcərəsini əks etdirən stend, bəstəkarın yaradıcılığı haqqında nəşrlər də diqqəti çəkir.

* * *

Muzeylə tanışlıqdan sonra tədbir iştirakçılarına Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə nəşri – “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından Qara Qarayevin həyat və yaradıcılığına həsr olunmuş qısa oçerklərdən ibarət kitab və bəstəkarın əsərlərinin diskləri təqdim olundu. Azərbaycan, rus və ingilis dillərində çap olunan kitabın müəllifi sənətşünas Lalə Kazımova, elmi redaktoru, professor Kərim Tahirovdur. K.Tahirov nəşr haqqında məlumat verərək dedi ki, kitab bəstəkarın həyat və fəaliyyətini, yaradıcılığının əsas mərhələlərini və ona şöhrət qazandıran əsərləri barədə məlumatı özündə əks etdirir.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, xalq artistləri Tofiq Bakıxanov, Rəfiqə Axundova və başqaları Qara Qarayev yaradıcılığının yüksək sənətkarlıq məziyyətlərindən, Azərbaycan musiqi sənətinə verdiyi əvəzsiz töhfələrdən danışdılar. Tofiq Bakıxanov “Qara Qarayev sinfinin məzunları” adlı fotonəşri muzeyə hədiyyə etdi.

* * *

Mərasimdə həmçinin Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin sərəncamı ilə “Xalq artisti” adına layiq görülmüş dahi bəstəkarın oğlu, professor Fərəc Qarayevə fəxri adın vəsiqə və nişanını təqdim etdi. Fərəc Qarayev təltifə görə dövlət başçısına təşəkkürünü bildirdi. O, muzeyin açılışına təşrif buyuranlara minnətdarlığını ifadə edərək Qara Qarayevin yaradıcılığına göstərilən diqqəti yüksək qiymətləndirdi, Azərbaycan bəstəkarlıq məktəbində Qara Qarayev ənənələrinin bu gün də yaşadıldığını vurğuladı.

Mərasimdə xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Murad Hüseynov və Ülviyyə Hacıbəyovanın ifasında bəstəkarın musiqiləri səsləndirildi.

* * *

Fərhad Bədəlbəyli muzeylə tanışlıqdan sonra təəssüratlarını jurnalistlərlə bölüşdü: “Bu ev bizə çox əzizdir. Gənc yaşlarımızda tez-tez bu mənzildə görüşərdik. Çox xoşbəxtəm ki, muzey istifadəyə verildi. Məktəblilərin, gənc nəslin bu muzeyi ziyarət etməsini arzulayıram. Onlar bizim tariximizi, görkəmli şəxsiyyətlərimizi və ən əsası ciddi mədəniyyətimizi tanımalıdırlar. Azərbaycanın böyük mədəni sərvəti var. Bu muzey də həmin sərvətin bir parçasıdır”.

LALƏ