Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə keçirilən iclasda Himayəçilik Şurasının üzvləri – Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov, mədəniyyət naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı təhsil nazirinin müavini Firudin Qurbanov, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov iştirak ediblər.

O.Səmədov ölkə başçısının 2014-cü il 7 may tarixli fərmanı ilə yaradılmış Bilik Fondunun fəaliyyəti, keçirdiyi layihələr barədə ətraflı məlumat verib.

Himayəçilik Şurasının üzvü, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bilik Fondunun dördillik fəaliyyətini müsbət dəyərləndirərək, xalqımızın tarix və mədəniyyətinin, milli-mənəvi dəyərlərinin gənc nəslə daha yaxından tanıdılması, kütləvi informasiya vasitələrinin imkanlarından daha geniş istifadə edilməsi, Azərbaycan reallıqlarının geniş auditoriyaya çatdırılması məqsədilə yeni maarifləndirici veb-saytın yaradılması ilə bağlı tövsiyələr verib.

Çıxış edənlər Bilik Fondunun gələcək fəaliyyəti barədə mülahizələrini bölüşüb, təklif və tövsiyələrini səsləndiriblər.

Mədəniyyət naziri Əbülfəs Qarayev Bilik Fondunun nazirliklə, müvafiq müəssisə və təşkilatlarla, xüsusilə də bölgələrdə fəaliyyət göstərən mədəniyyət evləri, şəhər və rayon kitabxanaları ilə sıx əməkdaşlıq etdiyini bildirib. Nazir gənclərin mədəni maarifləndirilməsi, sərgi və muzeylərlə daha yaxından tanış edilməsi, kino və teatr sənətinə maraqlarının artırılması, kitabxanaların zənginləşdirilməsi işinə cəlb edilməsinin vacibliyini vurğulayıb.

İclasa yekun vuran akademik Akif Əlizadə Bilik Fondunun maarifləndirici layihələrində AMEA institutlarının elmi kadr potensialından daha səmərəli istifadə edilməsinin zəruriliyinə diqqət çəkib.