Azərbaycan aşıqları 90 ildə altıncı dəfə ali toplantılarını keçirdilər

Tədbiri giriş sözü ilə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov açaraq Azərbaycan aşıqlarının ilk qurultayının 1928-ci ildə keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, aşıq sənəti həm də millətin böyük amallarının ifadəsidir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın aşıq sənətinə diqqət və qayğısından söz açan akademik bildirdi ki, Mehriban xanımın UNESCO-nun xoşməramlı səfiri kimi bilavasitə səyləri nəticəsində Azərbaycan aşıq sənəti təşkilat tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Sonra qurultayın mandat komissiyasının sədri Elxan Məmmədlinin hesabatı dinlənildi.

Qurultayda çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan aşıq sənətinin inkişafı, təbliği və tədrisi ilə bağlı son illərdə həyata keçirilən fəaliyyətdən söz açdı. Bildirdi ki, ölkəmizin bütün bölgələrində yerləşən musiqi məktəblərində saz sənəti proqrama daxil edilərək öyrədilir.

Nazir əbədi mənəvi varlığımız olan aşıq sənətinə ulu öndər Heydər Əliyevin yüksək qiymət verdiyini, ümummilli liderin təşəbbüsü ilə 2000-ci ildə UNESCO tərəfindən “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin keçirildiyini xatırlatdı. Qeyd etdi ki, ulu öndərin dövlətçilik xəttini layiqincə davam etdirən ölkə başçısı İlham Əliyev ədəbiyyatımıza, incəsənətimizə, aşıq sənətinə daim qayğı göstərir, aşıqlarımıza fəxri adlar, Prezident təqaüdü verilir: “Aşıq sənəti xalqımızın mədəni, mənəvi həyatı, dünyagörüşü, yaşayış tərzi ilə vəhdət təşkil edərək daim inkişaf edən bir xalq sənətidir. Xalqımızın digər irs nümunələri kimi, saz-söz sənətimiz də inkişaf etdirilir və dünya səviyyəsində təbliğ olunur”.

Nazir qurultayın işinə uğurlar arzu edərək, aşıq sənətinin bundan sonra da Azərbaycan mədəniyyətinin, musiqisinin inkişafına təkan verəcəyinə ümid etdiyini dedi.

Daha sonra Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı çıxış edərək rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışdı. Vurğuladı ki, ölkəmizdə aşıq sənətinin qorunması, inkişaf etdirilməsi, gənclərin bu sənətə istiqamətləndirilməsi ilə bağlı mühüm işlər görülür. Sözsüz ki, bu işlərin ardıcıl və sistemli şəkildə aparılmasında Azərbaycan Aşıqlar Birliyinin üzərinə böyük məsuliyyət düşür.

Natiq 2009-cu ildə aşıq sənətinin Azərbaycan xalqına məxsus bir inci kimi dünya sənət şedevrləri sırasına – UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildiyini xatırladaraq bildirdi ki, aşıq sənəti dövlətçiliyi təbliğ və tərənnüm edən, dövlətçiliyə bağlı olan sənətdir.

Xalq şairi Nəriman Həsənzadə, şair Əli Kafkasyalı, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, professor Qəzənfər Paşayev, aşıqlar Mahmud Məmmədov, Ulduz Quliyeva, Samirə Əliyeva və digər çıxış edənlər qurultayın əhəmiyyətindən söz açdılar, aşıq sənətinin humanitar mədəniyyət strategiyasında rolunu vurğuladılar.

Çıxışlardan sonra qurultayda təşkilati məsələyə baxıldı. Əməkdar elm xadimi Məhərrəm Qasımlı yenidən Azərbaycan Aşıqlar Birliyinin sədri seçildi.

Sonda qurultay iştirakçılarının Prezident İlham Əliyevə təşəkkür müraciəti oxundu.

FARİZ