Nəsiminin xatirəsinə həsr edilən ədəbi müsabiqəyə də yekun vuruldu
Sentyabrın 30-da Bakı Media Mərkəzində Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının bağlanış və Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində Nəsiminin xatirəsinə həsr edilən ədəbi müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimləri keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva mərasimlərdə iştirak ediblər.
Əvvəlcə “Mərhəba!” adlı ədəbi-musiqili tamaşa təqdim olunub. Ecazkar musiqi, tamaşanın plastik həlli və əlbəttə ki, Nəsiminin qiymətli kəlamlarının aktyorların ifasında məharətlə səsləndirilməsi şairin tükənməz poetik dünyasını bir daha təcəssüm etdirib. Mütəfəkkir şairin qəzəllərindən səsləndirilən “Mərhəba, xoş gəldin, ey ruhi-rəvanım, mərhəba”, “Mənəm ol tilsimi-pünhan ki, bu gün cahanə gəldim” və digər misralar hər kəsi bir daha Nəsimi şeriyyətinin təsirinə salıb, həyat, həqiqət axtarışı haqqında düşüncələrə dalmağa sövq edib.
Sonra Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində İmadəddin Nəsiminin xatirəsinə həsr etdiyi ədəbi müsabiqənin qalibləri – Tahirə Məmmədova, Mehman Rəsulov, Rüstəm Tofiq, habelə ən gənc iştirakçı Aysel Babayeva və Mehriban Səttarova mükafatlandırılıblar.
Qeyd edək ki, müsabiqəyə 90-dək gənc şair Nəsimi dühasından bəhrələnərək yazdıqları əsərləri təqdim ediblər. Münsiflər heyətinin qərarı ilə onlardan 17-si final mərhələsinə qalıb və son mərhələdə qaliblər seçilib.
Bununla da Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə dörd gün rəngarəng proqramlarla davam edən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı sona çatıb.