Dövlət Reyestri portalı mədəni irsimizin sistemli şəkildə mühafizəsi və təbliğinə töhfədir

Qloballaşan dünyada xalqların öz mədəni-mənəvi varlığını qoruması prioritet məsələdir. Çünki xalqın dili, adət-ənənələri, mədəni irsi onun milli identikliyinin əsas göstəricisidir. Bu sözləri Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Rafiq Bayramov nazirlik tərəfindən hazırlanaraq bu günlərdə istifadəyə verilən “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” portalı (www.intangible.az) barədə danışarkən bildirib.

Nazir müavini qeyd edib ki, Azərbaycan xalqının zəngin mədəni irsi zaman-zaman müxtəlif qüvvələr tərəfindən mənimsənilməyə məruz qalıb. Bu baxımdan qeyri-maddi və maddi mədəni irs nümunələrimizin qorunması və təbliği dövlətimizin mədəniyyət siyasətində xüsusi yer tutur: “Ölkəmiz UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunmasına dair” Konvensiyasına qoşulub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə diqqət və qayğısı nəticəsində təşkilatın müvafiq siyahılarına mədəni irsimizlə bağlı 11 nominasiya daxil edilib və bəşəriyyətin mirası olaraq qorunur”.

Rafiq Bayramov bildirib ki, son illər bu sahədə aparılan işlər daha geniş xarakter alıb. Mədəniyyət Nazirliyi tərəfindən istifadəyə verilən “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” portalı (www.intangible.az) da mədəni irsimizin sistemli şəkildə qorunması və təbliği işinə töhfədir.

Dövlət Reyestrinin yaradılması qeyri-maddi mədəniyyət nümunələrini dövlət qeydiyyatına salmaq, onların təbliğini təşviq etmək, eləcə də bədnam qonşular tərəfindən mənimsənilməsinin qarşısını almaq üçün lazımi informativ bazanı formalaşdırmaq ehtiyacından irəli gəlib. Nəsildən-nəslə ötürülən belə nümunələr xalqın uzaq keçmişinə, qədim tarixinə söykənən təcrübə əsasında yaradılıb. Portalda Azərbaycan milli-mənəvi mədəniyyətinin ən müxtəlif sahələrini əhatə edən irs nümunələrinin siyahısı əksini tapıb.

Elektron resurs Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri, onların daşıyıcıları və təşkilatlar haqqında məlumatları, həmçinin mədəniyyət sahəsində qəbul olunmuş milli və beynəlxalq sənədləri, UNESCO siyahılarındakı Azərbaycan mədəni irs nümunələrini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, münaqişəyə dair lazımi elmi ədəbiyyatı, foto və videomaterialları, qeyri-maddi irs sahəsində yenilikləri özündə ehtiva edir. Bundan əlavə, məlumat bazasında Azərbaycanın şəhər və rayonları, həmin bölgələrə məxsus qeyri-maddi irs nümunələri haqqında bilgilər də yer alıb.

Nazir müavini bir məqamı xüsusi vurğulayıb ki, portalda vətəndaşların qeyri-maddi irs nümunələri ilə bağlı təkliflərinin qəbulu üçün imkan yaradılması onun əhəmiyyətini daha da artırır: “Çünki hər bir azərbaycanlı qloballaşan, informasiya çevikliyi tələb edən bu çağımızda milli mədəni irsimizi zərbə altında qoymamaqdan ötrü müvafiq innovativ vasitələrdən istifadə edərək ölkəmizin sərvətlərini müdafiə etməyi bacarmalıdır. Qeyri-maddi mədəni irsin qorunması təkcə dövlətin işi olmamalı, buna bütövlükdə cəmiyyət tərəfindən dəstək verilməlidir”.

Diqqətə çatdırılıb ki, portalda Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri diyarşünaslıq, folklor və sənətkarlıq olmaqla üç kateqoriyaya ayrılıb. Həmin kateqoriyalara daxil olan məfhumlar siniflərə, növlərə, janrlara və qruplara görə sistemləşdirib. Qeyri-maddi mədəni irs nümunəsinin səhifəsi onun haqqında arayışdan, nümunəyə aid foto və videolardan, nümunənin pasportundan, daşıyıcı və təşkilat, nümunənin yayıldığı areal haqqında məlumatlardan ibarətdir. Arayışlar UNESCO-nun tələbləri çərçivəsində həmin sahə üzrə çalışan elmi mütəxəssislər tərəfindən hazırlanıb. Arayışların hazırlanmasında AMEA-nın Folklor, Arxeologiya və Etnoqrafiya, Memarlıq və İncəsənət institutlarının mütəxəssisləri yaxından iştirak ediblər. Portalın fotoqalereya və mediateka hissələrinin təşkilində Mədəniyyət Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), Milli Azərbaycan Tarixi Muzeyi, Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Milli Kulinariya Mərkəzi və Dövlət Film Fondunun, biblioqrafiyanın təşkilində isə Azərbaycan Milli Kitabxanasının materiallarından istifadə olunub.

“Portal Azərbaycanın qeyri-maddi mədəni sərvətlərinə dair bütün zəruri məlumat və materialların bir arada toplandığı mühüm platforma olaraq xalqın zəngin mədəni irs yaddaşının qorunmasına, yaşadılmasına xidmət edir. Gələcəkdə portalın xarici dillərə tərcümə edilməsi bu zənginliyin dünyada yayılmasına da mühüm zəmin olacaq”, - deyə nazir müavini bildirib.