Gənc Tamaşaçılar Teatrında Y.Etin və V.Livanovun “Bremen musiqiçiləri” (tərcümə - Nicat Kazımov) pyesi əsasında eyniadlı tamaşanın məşqləri gedir. Qrim qardaşlarının nağıl motivləri əsasında yazılan, məşhur cizgi filmindən də çoxlarımıza tanış olan əsər iki gəncin saf sevgisindən bəhs edən həzin bir nağıldır.
Teatrın mətbuat xidmətindən bildirilib ki, uşaqlar üçün nəzərdə tutulmuş tamaşa böyüklərin də marağına səbəb olacaq.
Quruluşçu rejissor Nicat Kazımov bu barədə deyib: “Bu gün uşaqlar üçün çəkilən cizgi filmlərində daha çox hadisə, hərəkət üstünlük təşkil edir. Amma biz çalışırıq ki, qurduğumuz tamaşalar balacaların duyğularını da tərbiyə etsin, onlarda pozitiv ovqat yaratsın. Tamaşaçılarımız istifadə olunan musiqilərin də necə həssaslıqla seçildiyini müşahidə edəcəklər”.
Səhnə əsərinin quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı İradə Muradova, rejissorları Gülnar Hacıyeva və Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır.