Xəbər verdiyimiz kimi, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Moskvada keçirilən S.V.Obraztsov adına ənənəvi Beynəlxalq kukla teatrları festivalında iştirak edib. 9-cu dəfə təşkil edilən festival bu il MDB-də “Mədəniyyət ili” çərçivəsində gerçəkləşib.
MDB ölkələrinin ən yaxşı kukla teatrlarının təmsil olunduğu tədbirdə kollektiv dəfələrlə beynəlxalq festivallarda mükafatlara layiq görülən “Ağ və qara” tamaşası ilə çıxış edib. Böyük yaş qrupu tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Tatyana Melnikovadır. Rolları Rauf Babayev, Rəhim Rəhimov, Lina Məmmədova, İqbal Əliyev, Cavid İbrahimov və başqaları ifa edirlər.
Festivalda nominasiyalar üzrə mükafatlandırma olmasa da, tamaşamız tədbirdə iştiraka görə diplomla təltif olunub.